Azərbaycan
Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyi və Azərbaycan - Monteneqro mədəni-iqtisadi mərkəzinin
təşəbbüsü və dəstəyi ilə Podqoritsa şəhərində dahi Azərbaycan şairi və
dramaturqu Hüseyn Cavidin Monteneqro dilində dərc edilmiş "İblis” əsərinin təqdimat mərasimi keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə
Monteneqronun dövlət və hökumət rəsmiləri, deputatlar, ölkə parlamentinin Azərbaycan
ilə dostluq qrupunun üzvləri, elm, incəsənət və din xadimləri, diplomatik
korpusun nümayəndələri, bu ölkədə yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz
iştirak ediblər. Təqdimat mərasimi başlamamışdan öncə bir qrup tədbir iştirakçısı Azərbaycan dövləti və
hökumətinin dəstəyi ilə Podqoritsa şəhərində abadlaşdırılmış və bərpa edilmiş
"Kral” parkına gələrək, Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında
tanınmış naşir Bojidar Podqoriçaninin və Hüseyn Cavidin burada ucaldılmış abidələrini
ziyarət etmiş, onların önünə gül dəstələri düzmüşlər.
Monteneqronun
ən böyük təhsil ocağı sayılan Monteneqro Universitetində keçirilmiş mərasimi
açıq elan edən universitetin prorektoru Boris Vukiçeviç, tədbir iştirakçılarını salamlayaraq, Monteneqro
oxucularına heç də yad olmayan Hüseyn Cavid yaradıcılığı ilə öz
ana dillərində tanış olma imkanı yaradan şəxslərə öz minnətdarlığını bildirib.
Tədbirin onun təmsil olunduğu universitetdə keçirilməsindən son dərəcə məmnunluğunu
ifadə edən prorektor, iştirakçılara uğurlar arzulayıb.
Tədbirdə
çıxış edən Azərbaycanın Serbiya,
Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təşəbbüsü ilə Podqoritsada yerləşən qədim tarixə malik "Kral
parkı”nda Cavidin abidəsinin ucaldılmasından söz açaraq, bu abidənin dünya miqyasında
tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılmasının iki
xalq arasında nəcib amala – dostluğa və humanizmə xidmət etiyini vurğulayıb.
Hüseyn Cavidin bir çox dünya xalqlarının dillərinə çevrilmiş "İblis”
mənzum dramının artıq Monteneqro dilinə də tərcümə edilərək nəşr olunmasının
mühüm əhəmiyyətini qeyd edən səfir bu gözəl fürsətdən yararlanaraq Cavid
yaradıcılığı və Cavid şəxsiyyəti ilə bağlı düşüncələrini həmin kitabın ön
sözündə yazdığını söyləyib.
Azərbaycan
dövlətinin o zaman ki, rəhbəri Heydər Əliyevin birbaşa müdaxiləsi nəticəsində
Cavidin üzərindən bütün qadağaların götürüldüyü, Cavidin cənazəsinin qürbətdən,
uzaq İrkutsk vilayətindən vətənə gətirilib doğulduğu torpaqda dəfn edildiyini
vurğulayan səfir, Azərbaycan müstəqillik
əldə etdikdən sonra isə Bakıda sənətkarın heykəlinin ucaldıldığı, adını daşıyan
gözəl park salındığı, Naxçıvanda isə onun qəbri üzərində memarlıq-xatirə
kompleksinin yaradıldığını ifadə edib.
Monteneqroda Cavidin heykəlinin ucaldılması, onun kitabının yerli dilə tərcümə edilməsi ilə onun uzaq Sibirdən təkcə doğma Azərbaycana deyil, həm də, bu müstəqil Avropa ölkəsinə də qayıtdığını söyləyən natiq, bir daha layihənin reallaşdırılmasında rolu olan hər kəsə dərin təşəkkürlərini ifadə edərək, belə təşəbbüslərin Azərbaycan və Monteneqro arasında mədəniyyət sahəsində əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcəyinə əminliyini bildirib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli
Azərbaycan ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov öz
çıxışında Hüseyn Cavidi dünya ədəbiyyatının
ən məşhur simaları ilə müqayisə edərək onu əbədi olan duyğu və düşüncələrdən əbədi
yaşamaq haqqı olan solmaz incilər yaratdığını bildirib. Natiq "İblis”in bu incilərin ən parlaqlarından biri olduğunu
söyləyərək, həmçinin "İblisi” bu gün Cavidin görmədiyi Monteneqroya gələn,
Cavidin bilmədiyi Monteneqro dilində danışmağa başlayan, sabah daha başqa ölkələrə
ayaq açacaq, daha başqa dillərdə danışacaq əbədi bir əsər kimi qiymətləndirib. Bu
bitməyən yolçuluğun və hər yerdə doğma qarşılanmağın sadə bir səbəbi olduğunu
söyləyən akademik, bütövlükdə Cavidin əsərləri və sənət mirasının insanlığa üz
tutduğunu bildirib. Monteneqroda olduğu kimi
həmin əsərlərin hansı dildə səslənməsi, hansı qapını açmasından asılı
olmayaraq, həmişə köhnə tanış, gəlişi çoxdan gözlənilən doğma kimi
qarşılanacağı ifadə edilib.
Hüseyn
Cavid irsinin araşdırmaçısı, şair Fərid Hüseyn dahi şair, bəşəri əsərlər müəllifi
Hüseyn Cavidin irsinin bu gün dünyada
layiqincə təbliğ olunduğunu söyləyərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
Hüseyn Cavidin 125, 130, 135 illik yubileylərinin keçirilməsi haqqında müxtəlif
dövrlərdə sərəncamlar imzalaması və dahi şairin yaradıcılığına daim yüksək həssaslıqla
yanaşmasını qeyd edib. Bu gün ədibin əsərlərinin dünyanın bir çox ölkələrində səhnəyə
qoyulduğu, əsərlərinin ardıcıl olaraq tərcümə və nəşr edildiyinə diqqət çəkən
şair, bu istiqamətdə görülən işləri sadalayarkən Hüseyn Cavid irsinin tanınmış
tədqiqatçısı Sona Vəliyevanın fəaliyyətini
xüsusi qeyd edib. "İblis” əsərinin Monteneqro dilində nəşr edilməsini tarixi hadisə kimi qiymətləndirən
şair, bunun yaşı bilinməyən tarixin ədibimizə verdiyi növbəti həqiqi dəyər
olduğunu söyləyib.
Monteneqronun tanınmış yazıçıları akademik Sreten Vuyoviç, Qoran Sekuloviç, Çetinya Kitabxanası İcraiyyə Şurasının üzvü publisist Bojidar Proroçiç, Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, Ədəbiyyat Qəzetinin Baş redaktoru Azər Turan, gənc dramaturq Draqana Tripkoviç Hüseyn Cavidi dramaturq, şair, ictimai xadim və dahi şəxsiyyət kimi səciyələndirəcək geniş yaradıcılığından və həyatından danışıblar.
Tədbirin sonunda Hüseyn Cavid haqqında qısametrajlı sənədli film nümayiş etdirilib.