“İbrahim sazişləri”nin taleyi sual altındadır - Politoloqdan açıqlama

“İbrahim sazişləri”nin taleyi sual altındadır - Politoloqdan açıqlama
SİYASƏT
15:27 12.03.2026
326
Yaxın Şərqdə davam edən müharibə fonunda "İbrahim sazişləri”nin gələcəyi yenidən müzakirə olunur. İranın hədəf aldığı Körfəz ölkələri arasında bu sazişə qoşulmuş Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi dövlətlərin olması diqqət çəkir. Regiondakı proseslər "İbrahim sazişləri”nin taleyini sual altına salır. Ötən gün ABŞ prezidenti Donald Trump bildirib ki, İrana qarşı hərbi zərbələrdən sonra bir çox ölkə "İbrahim sazişləri”nə qoşulacaq. 

Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında bildirib ki, hazırda İran ətrafında qeyri-müəyyənlik hökm sürür:

"Hazırda İran ətrafında və Yaxın Şərq regionunda qeyri-müəyyənlik hökm sürür. Bu qeyri-müəyyənliyin nə qədər davam edəcəyi də hələ məlum deyil. Münaqişə artıq bir çox "qırmızı xətləri” aşaraq öz arealını genişləndirməyə başlayıb. Belə bir şəraitdə daha genişmiqyaslı müharibənin başlama ehtimalı da qətiyyən istisna edilmir. Təbii ki, belə bir vəziyyət müəyyən ciddi və kəskin məqamları da gündəmə gətirir. ABŞ İrana qarşı müəyyən bir koalisiyanın formalaşdırılmasında maraqlıdır. Bunu isə daha çox İsrail ətrafında qurmağa çalışır. "İbrahim sazişləri” də məhz bu məqsədlə irəli sürülən təşəbbüslərdən biridir”.

Politoloq qeyd edib ki, bu sazişə hansı dövlətlərin qoşulub-qoşulmayacağı sual altındadır:

"Hazırkı situasiyada bu sazişlərə konkret olaraq hansı dövlətlərin qoşulacağı və ya qoşulmayacağı kifayət qədər ciddi müzakirə mövzusudur.
Bəzi dövlətlər bu sazişlərə qoşulmaqda maraqlı ola, digərləri isə gözləmə mövqeyinə üstünlük verə bilərlər. ABŞ və İsrailin İrana qarşı ortaq hərbi zərbələrindən sonra İran bir sıra müsəlman ölkələrinə, xüsusilə də bəzi ərəb dövlətlərinə raket zərbələri endirib. Bu isə həmin dövlətlərlə İran arasında ciddi narazılıq yaradıb. Bu baxımdan ehtimal etmək olar ki, İranın raket zərbələri endirdiyi bəzi ərəb ölkələri "İbrahim sazişləri”nə qoşulmaq barədə düşünə bilərlər”.

Ekspert vurğulayıb ki, Amerikanın sözügedən sazişdə görmək istədiyi dövlətlər gözləmə rejimindədir:

"ABŞ-nin bu sazişlər çərçivəsində görmək istədiyi bəzi digər ölkələr isə tərəddüd edə bilərlər. Çünki ümumi situasiya hələ tam aydın deyil və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi müəyyən qədər qeyri-müəyyən xarakter daşıyır.
Azərbaycan da "İbrahim sazişləri”nə qoşulmaq məsələsində xüsusi fəallıq göstərmir. Əvvəldən də Azərbaycanın bu məsələyə münasibəti daha çox məsafəli olub. Hazırkı müharibə şəraitində də Azərbaycanın bu sazişlərə qoşulmaq istiqamətində xüsusi həvəs göstərəcəyi inandırıcı görünmür. Rəsmi Bakı hadisələrin, xüsusilə də münaqişənin necə nəticələnəcəyini gözləyəcək və bundan sonra yaranmış vəziyyəti daha dəqiq təhlil edəcək. Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütməkdə maraqlıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR