'İbrahimbəyov siyasət səhnəsində tamamilə naşı bir adamdır və siyasət onluq deyil' - Rəbiyyət Aslanova

SİYASƏT
15:01 02.08.2013
2010

“Respondentlərin, Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin təkcə bu gününü deyil, həm də sabahını düşünən insanların bu mövqeyini, bu münasibətini çox məntiqli qəbul etmək lazımdır.

Çünki həqiqətən bu gün Azərbaycan seçicilərinin, Azərbaycan vətəndaşlarının çox böyük əksəriyyəti Rüstəm İbrahimbəyovun artdığı bu yanlış və düşünülməmiş addımı hələ də başa düşə bilmir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Rəy” Monitorinq Mərkəzinin son sorğusuna əsasən respondentlərin 86,1 faizinin Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi kimi prezidentliyə namizədliyinin irəli sürülməsindən xəbərsiz olmalarına, o cümlədən, onu sadəcə, yazıçı kimi tanımalarına, siyasətçi kimi görmək istəməmələrinə, ən əsası sözügedən şəxslə ölkə Prezidenti İlham Əliyevin reytinqi arasında bu qədər fərqin çoxluğuna münasibətini bildirərkən dilə gətirib.

“Şəxsən mən özüm də başa düşə bilmirəm ki, Rüstəm İbrahimbəyov yaşının bu ahıl çağında nəyə görə belə bir addım atıb, yəni, siyasətə atılaraq radikal, barışmaz müxalifətin, qeyri-ciddi, yaxın zamanlarda iflası qaçılmaz olan bir qurumun – Milli Şuranın prezidentliyə namizədi olmağa razılıq verib…” – deyən komitə sədrinin sözlərinə görə, R.İbrahimbəyov yaxşı yazıçı, kinorejissor ola bilər, amma bu heç də o demək deyil ki, adıçəkilən şəxs yaxşı, peşəkar bir siyasətçidir.

R.Aslanova qeyd edib ki, əslində R.İbrahimbəyov siyasətdə, siyasət səhnəsində tamamilə naşı bir adamdır və siyasət onluq deyil:

“Siyasət sahəsində heç bir təcrübəsi olmayan bir insanın da indi birdən-birə bu cür iddia ilə çıxış etməsi çox təəccüblü və məntiqsiz görünür. Siyasətin nə demək olduğunu bilməyən, dövlət idarəçiliyində təcrübəsi olmayan birisinin belə bir iddiada bulunması Azərbaycan seçicisi üçün də çox gözlənilməzdir.

Hamı düşünür və sual edir ki, görəsən, bu adam nədən belə bir addım atır… Məgər onun özü qarşısındakı insanın – öz rəqibinin reytinqini, nüfuzunu, çəkisini, gücünü, qüdrətini görmürmü, onu sonadək dərk etmirmi?”

Millət vəkili bu yerdə bir müddət öncə R.İbrahimbəyovun özünün internetdə yayımlanmış çıxışını xatırladıb:

“Rüstəm müəllim özü həmin çıxışında möhtərəm Prezidentimizin bacarığına, peşəkarlığına çox yüksək qiymət verir və bunu açıq şəkildə də etiraf edirdi. Belə olan halda, görəsən, nə baş verdi ki, həmin insan 180 dərəcə bucaq altında fikrini dəyişdi?

Cəmi bir müddət öncə ölkə Prezidenti haqqında bu cür yüksək fikirlər söyləyən bir şəxsin və heç də gənc olmayan, 74 yaşlı bir insanın birdən-birə öz əqidəsinə dönük çıxması, münasibətini bu dərəcədə dəyişməsi nədən baş verdi? Bunu heç cür sağlam məntiqlə izah etmək mümkün deyil. Bu, yumşaq şəkildə desək, çox təəssüfləndirici, eyni zamanda, ahıl bir adama yaraşmayan uğursuz, qınanılmalı bir hərəkətdir”

R.Aslanovanın bildirdiyinə görə, əgər R.İbrahimbəyovun düşüncəsini, mövqeyini bu dərəcədə dəyişməyə vadar edən həmin Milli Şura üzvlərinin fikirləri, münasibətidirsə, deməli, o, hadisələrə onların gözü ilə baxır, onların dili, sözü ilə danışır:

“Bu isə heç bir halda insana hörmət gətirən məqam, davranış deyil”.

Millət vəkili deyib ki, hər bir insanın, xüsusilə, siyasətə atılan, prezidentliyə iddialı olan hər bir kəsin hadisələrə özünün baxışı, münasibəti olmalı və hadisələri də düzgün qiymətləndirməyi bacarması lazımdır:

“Bu baxımdan, Rüstəm İbrahimbəyovun çox düşünülməmiş bir addım atması onu Azərbaycan seçicisinin – vətəndaşının gözündən salan uğursuz bir addımdır. Bir addımı atarkən onun son nəticəsini də görmək çox önəmlidir. Həyatdır, dünyadır, hər bir kəsin səhvi olur və ya ola bilər. Ancaq həmin səhvdən nəticə çıxarmaq, bunun nələrə gətirib çıxara biləcəyini də düşünmək, anlamaq olduqca vacibdir”.

Bununla yanaşı, komitə sədrinin dediyinə görə, bu gün Azərbaycan seçicisi -Azərbaycan vətəndaşı onun sabahı üçün məsuliyyət hissi daşıyan bir insanın kim olduğunu çox gözəl anlayır:

“Ötən on il ərzində Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində böyük rol oynamış, Azərbaycan vətəndaşını güclü bir vətəndaşa çevirmiş, Azərbaycan dövlətini güclü bir dövlətə çevirmiş, Azərbaycan adlı məmləkəti rəqabətə davamlı bir dövlət olaraq dünyada tanıtmış bir insanla rəqabət aparmaq, onunla rəqabətə girmək üçün çox böyük bir güc-qüdrət lazımdır.

Ancaq bu gün o qüdrət, o güc Azərbaycanın siyasət məkanında möhtərəm prezidentimiz İlham Əliyev cənablarından başqa heç bir siyasətçidə, heç bir şəxsdə yoxdur. Bu baxımdan, “mən rəqibəm” demək iqtidarında olan və siyasət səhnəsinə çıxan bir kəsi də Azərbaycan vətəndaşı görmür. Şəxsən mən özüm də görmürəm, çünki bu, mümkün olan məsələ deyil”.

R.Aslanova həmçinin bildirib ki, insanın – siyasətçinin böyüklüyü təkcə dünəni və bu günü qoruyub-saxlamaq deyil, əldə edilmiş uğurları möhkəmləndirməklə yanaşı, həm də Azərbaycan xalqının sabahını görmək və sabaha ünvanlanmış fəaliyyəti düzgün istiqamətləndirməkdir:

“Möhtərəm Prezidentimizin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlər müqayisəyə, ölçüyəgəlməz dərəcədə böyükdür. Bunları adi sözlə ifadə etmək belə mümkün deyil. Yəni, onun Azərbaycanın gələcək on illiklərinə ünvanlanmış, istiqamətlənmiş fəaliyyətini görmək hər birimiz üçün çox sevindirici haldır və indi bunu qiymətləndirməmək ən azı insafsızlıqdır”.

Millət vəkilinin bununla belə qeyd etdiyinə görə, Azərbaycan vətəndaşı nəinki bu gün rahat yaşamaq, həm də sabahı üçün rahat yaşamaq istəyir və onun bu istəyi də gerçəkləşməkdədir:

“Eyni zamanda Azərbaycan vətəndaşı onu da çox gözəl bilir ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, 2030-cu, 2040-cı illər üçün hədəflənmiş istiqamətlər və sair, bunlar hamısı məhz onlar üçün təmin olunmuş xoşbəxt, uğurlu gələcəkdir.

Bir insan ki, bu on il ərzində bütün fəaliyyətini Azərbaycan vətəndaşı, Azərbaycan vətəndaşının sosial təminatı, Azərbaycan vətəndaşının rifahı, eləcə də Azərbaycan insanının rahat və qorxusuz gələcəyi üçün həyata keçiribsə, bunu qiymətləndirməmək düzgün və ədalətli deyil. Çox sevindirici haldır ki, Azərbaycan vətəndaşı da dövlət-vətəndaş münasibətlərində olan bu ali prinsipi çox gözəl qiymətləndirir, ona yüksək dəyər verir.

Azərbaycan vətəndaşı həmçinin, ona bu təminatı verən insanın arxasındadır və hər zaman da arxasında olacaq”.

Komitə sədri sonra onu da bildirib ki, iqtisadi, sosial, mədəni və digər sahələrin hər birinə baxanda ölkə Prezidentinin, YAP-ın, eləcə də Azərbaycan xalqının prezidentliyə vahid namizədinin uğurları göz qarşısındadır və bu uğurların mində, milyonda birinə kölgə sala biləcək bir məqam yoxdur:

“Yəni, kimsə onunla bu sahədə rəqabətə girə bilməz. Odur ki, “mən vətənim üçün nə etmişəm”, “mən Azərbaycan, Azərbaycan vətəndaşı üçün nə etmişəm” sualına cavab tapa bilən rəqib buyursun, siyasət səhnəsinə daxil olsun. Bir tərəfdə cənab Prezidentimizin gördüyü işlər və digər tərəfdə isə özünü rəqib adlandıra biləcək digər birisinin fəaliyyəti…

Əgər həmin şəxs Azərbaycan vətəndaşına inandıra bilsə ki, onun gördüyü işlər cənab Prezidentin gördüyü işlərin – heç vaxt üstün ola bilməz – heç olmasa, onda, yüzdə birinə qədərdir, o zaman, bəli, öz namizədliyini irəli sürə bilər və sürsün. Ancaq rəqib cinahdan “mən bu xalq üçün nə etmişəm”, “mən Azərbaycan vətəndaşı üçün nə etmişəm”, “xalqımın sabahı naminə nə işlər görmüşəm və açıq üzlə bu seçicinin qarşısına çıxıb nə deyə bilərəm” fikrini əsaslandıra bilən birisi Azərbaycan siyasətində yoxdur”.

YAP-çı deputatın daha sonra qeyd etdiyinə görə, bu, həm də rəqib cinaha bir xəbərdarlıqdır:

“Azərbaycan seçicisi həmin rəqib cinahdan, radikal müxalifət düşərgəsindən “mən Azərbaycan vətəndaşı, Azərbaycan dövləti üçün nə etmişəm” sualına cavab gözləyir. Möhtərəm Prezidentimizin isə cavabı göz qarşısındadır.

Bəs onların – radikal müxalifət nümayəndələrinin etdiyi nədir? Onların etdiyi isə Azərbaycanı sevməyən qüvvələrdən yardım diləmək, Azərbaycanın milli maraq və mənafelərini həmin qüvvələrin ayaqları altına atmaq, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün Azərbaycana qənim kəsilmiş qüvvələrə üz tutmaq, Azərbaycanın dünyada imicinə xələl gətirən fikirlərlə, yazılarla hansısa beynəlxalq təşkilatlara müraciət edib, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdan başqa bir şey deyil.

Ona görə bu gün Azərbaycan vətəndaşı onun obrazını bu şəklə salan müxalifətlə razılaşmır, razılaşmaq niyyətində də deyil. Bu baxımdan “mən bu xalqa, bu dövlətə nə vermişəm” sualına cavab tapa bilən insan ancaq özünü seçki marafonunda görə bilər. Əks təqdirdə, heç bir sahədə uğur qazana bilməyən, həmişə fəaliyyətləri uğursuzluqlarla müşayiət olunan birilərinin fikirləri, onların Milli Şurada birləşmələri və hətta, onun görüşlərini ayrı-ayrı ölkələrdə keçirmələri, kimlərdənsə kömək əldə etmək istəkləri müxalifətə yaraşmayan, ona başucalığı gətirməyən bir haldır.

Bu, sağlam müxalifət adına daşımağa layiq olmayan insanların fəaliyyətinin “nəticəsidir” . Bu, həmin insanları Azərbaycan vətəndaşlarının gözündən salan və bütün fəaliyyətlərinin üstündən birdəfəlik xətt çəkən bir addımdır.

Bu, ümumiyyətlə, onların siyasət səhnəsindən birdəfəlik uzaqlaşmağa “layiq” olmalarının göstəricisidir”.

Sonda bir daha R.İbrahimbəyovun addımlarına toxunan millət vəkili deyib ki, bu, çox təəssüfləndirici bir haldır:

“Çünki bu şəxs həmişə ulu öndərimizin qayğısı, onun hörmət və ehtiramı ilə əhatə olunmuş insandır. Eyni zamanda, möhtərəm Prezidentimizin hörmətini, diqqət və qayğısını görmüş bir insandır. Ancaq indi Rüstəm İbrahimbəyov və onun kimilərinin bu insanlara qarşı çıxması, – əslində qarşı çıxa da bilməzlər – onların bu hörmət və ehtiramını doğrultmaması çox acınacaqlı bir haldır.

Yaxşılığa-yaxşılıqla cavab verərlər. Yaxşılığı qiymətləndirməmək, əksinə, görülən işlərə kölgə salmaq, bu, həmin insanların siyasi nankorluğuna dəlalət edən bir haldır. Odur ki, onların gələcək uğursuzluqları göz qarşısındadır və bunun üçün seçkiləri də gözləməyə heç ehtiyac yoxdur.

Bu gün Azərbaycan insanı indiki iqtidarın və onun vahid, yeganə namizədi olan İlham Əliyev cənablarının ətrafında sıx birləşib. Bu birliyi də heç kim, heç bir qüvvə, güc poza bilməz. Ona görə nə qədər gec deyil, Rüstəm İbrahimbəyov və digərləri bu barədə yaxşı düşünməlidirlər, yoxsa,…”

OXŞAR XƏBƏRLƏR