Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra başçılarını qəbul edərkən bildirib ki, mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və qanunsuz tapşırıqları artıq tarixə qovuşub. Dövlət başçısı vurğulayıb ki, genişmiqyaslı kadr islahatları nəticəsində məmur korpusu, xüsusilə mərkəzi icra strukturları əhəmiyyətli dərəcədə sağlamlaşdırılıb və bundan sonra bölgələrə qanunsuz göstəriş verilməsinə yol verilməyəcək.
Milli Məclisin deputatı Aydın Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu bəyanat dövlət idarəçiliyində şəffaflıq və ədalət prinsipinin tam şəkildə tətbiqi baxımından ciddi mesajdır:

"Artıq icra strukturlarında qeyri-qanuni tapşırıqların verilməsi dövrü başa çatıb. Bu, dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcıdır və idarəetmədə şəffaflıq, məsuliyyət və qanunun aliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə deputat vurğulayıb.
Aydın Hüseynov qeyd edib ki, uzun illər ərzində bəzi hallarda idarəetmə mexanizmlərindən sui-istifadə və mərkəzdən qeyri-qanuni göstərişlərin verilməsi faktları mövcud olub:
"Bu gün aparılan dərin kadr islahatları nəticəsində peşəkar və sadiq komanda formalaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar dövlət idarəçiliyində tam yeni model yaradıb və vətəndaşlara xidmət prinsipi ön plana çıxıb”.
Parlamentari Prezidentin çıxışında işarə etdiyi şəxsin Ramiz Mehdiyev ola biləcəyi barədə saytımızın sualını da cavablandırıb:
"İcra başçılarına tapşırıqlar əvvəlcə Prezident Administrasiyası tərəfindən verilirdi və həmin quruma Ramiz Mehdiyev rəhbərlik edib. Hazırda o, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu baxımdan həmin şəxsin Ramiz Mehdiyev olması ehtimalı realdır”, – deyə deputat qeyd edib.
Şahanə Ziyad










































