Nizami RİH: "Tikinti 3 il ərzində dayandırıldığı halda icazə öz qüvvəsini itirir”
İki gün əvvəl "Yeni Musavat" qəzetində "Kiçik sahibkara yaradılan böyük problem – ölkə rəhbərliyindən kömək istənilir” adlı material dərc olunub. Yazıda Bakı şəhər Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 16 C ünvanında yaşayan Nizaməddin Quliyev sahibkar kimi hüquqları pozulduğunu bildirərək ölkə rəhbərliyindən yardım istədiyini bildirib.
Belə ki, 1993-cü ildə Nizami rayon İcra Hakimiyyəti tərəfindən N.Quliyevə məxsus "Yetər” istehsalat-kommersiya firmasına Azər Manafov(keçmiş Leonov küçəsi) küçəsi 9 ünvanında – "Təbriz”(keçmiş "Sevinc”) kinoteatrının yanında yerləşən sökülüb dağılmış su avtomatlarının yerində gündəlik tələbat malları mağazasının tikilməsi üçün 2170 №-li sərəncam imzalanıb. Bundan əlavə, qeyd olunan qurum tərəfindən 25 mart 1993-cü il tarixində Bakı şəhəri Qara Qarayev prospektində 61 saylı binanın birinci mərtəbəsində yerləşən 300 kv.m sahənin "Yetər” kiçik müəssisəsinin istifadəsinə verilməsinə dair 1251 №-li sərəncam imzalanıb: "Uzun illər boyu dəfələrlə müraciət etsəm də, Nizami rayon İcra Hakimiyyəti bu sərəncamların icra olunmasına imkan verməyib, mənim qanuni sahibkarlıq fəaliyyətimin qarşısı alınıb”.
N.Quliyev qeyd edir ki, "Təbriz” kinoteatrı yaxınlığında ona ayrılmış sahə bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə kənar bir şəxsə verilib, sahə hasara alınıb, orada kinoteatrın söküntüsü işləri aparılır: "Qanuni sərəncamla mənə ayrılmış sahədə sahibkarlıq fəaliyyətimi qurmağıma yaradılan maneələrin aradan qaldırıması üçün hüquq-mühafizə orqanlarının rəhbərlərinə, Ombudsmana, Bakı Şəhər İcra Hakimiyyətinə, Nizami rayon rəhbərliyinə etdiyim müraciətlər nəticəsiz qalıb. Belə ki, yuxarı instansiyalara müraciətlərim bir qayda olaraq Nizami rayon İcra Hakimiyyətinə göndərilir, oradan isə mənə sərəncamın icrası üçün müəyyən olunmuş müddətin bitdiyi əsas gətirilməklə rədd cavabı verilir. Halbuki bu müddət mənim günahım üzündən ötürülməyib, öz qanuni sahibkarlıq fəaliyyətimə başlamağım üçün 1993-2013-cü illər ərzində dəfələrlə Nizami Rayon icra Hakimiyyətinə müraciət etsəm də, onlara məhəlı qoyulmayıb”.
Bu materialla bağlı Nizami rayon İcra Hakimiyyətindən redaksiyamıza daxil olan məktubda bildirilir ki, N.Quliyevə Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətləri əsasında 11.07.2019-cu il tarixli, Q-81-039 №-li və 23.08.2019-cu il tarixli, Q-103-125 №-li məktublarla cavab verilib: "Belə ki, vətəndaş N.Quliyev ərizəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 04.06.1993-cü il tarixli, 2170 №-li sərəncamına əsasən Azər Manafov küçəsindəki (keçmiş Leonov) 9 saylı binanın yaxınlığındakı "Təbriz” kinoteatrının (keçmiş "Sevinc”) yanında "Yetər” istehsalat-kommersiya firmasına ayrılmış ərazidə naməlum şirkət tərəfindən tikinti işlərinin aparıldığını bildirmişdir. Sözügedən sərəncamda sökülüb-dağılmış su avtomatlarının ətrafının abadlaşdırılması şərtilə həmin yerdə gündəlik tələbat malları mağazası tikintisinə icazə verilmiş, lakin bu müddət ərzində həmin ərazidə heç bir iş görülməmiş və torpaq üzərində istifadə, icarə və ya mülkiyyət hüququ əldə edilməmişdir.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinin 77.1 bəndinə əsasən tikintiyə icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda icazənin öz qüvvəsini itirdiyi və hazırda sözügedən ünvandakı tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tələb olunan hüquqverici sənədlər və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 23.02.2017-ci il tarixli, 74 saylı sərəncamı əsasında aparıldığı barədə vətəndaşa məlumat verilmişdir.
Qeyd edək ki, N.Quliyev tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya ünvanlanmış eyniməzmunlu ərizə Rayon İcra Hakimiyyətinə göndərilmiş və vətəndaşın müraciətində qaldırdığı məsələnin həqiqəti əks etdirmədiyi barədə Müvəkkilə müvafiq məktubla cavab verilmişdir”.
Nizami rayon İcra Hakimiyyətindən verilən cavabla bağlı N.Quliyev bildirdi ki, 1993-cü ildə verilmiş sərəncamın icra müddəti onun günahı üzündən ötürülməyib: "Onlar bunu mənim özümə də yazıblar. Məsələ burasındadır ki, müddət mənim deyil, onların üzündən ötürülüb. Mən dəfələrlə Nizami rayon İcra Hakimiyyətinə müraciət etsəm də, qanuni sahibkarlıq fəaliyyətimə imkan verilməyib. Bunun məsuliyyəti mənim deyil, icra hakimiyyətinin üzərindədir. Ölkə rəhbərliyindən xahişim budur ki, qanunvericilikdə nəzərdə tutulan müddətdə mənim ayrılan sahədə fəaliyyətimi qurmağıma imkan verilməyib. Bir daha onlardan pozulmuş hüquqlarımın bərpasında mənə yardımçı olmalarını xahiş edirəm”.
musavat.com