IDEA Azərbaycanda ilk dəfə "Eko Rəsm Gündəliyi 2013" müsabiqəsini təşkil edib - VİDEO

MƏDƏNİYYƏT
14:35 11.12.2013
1611

Dekabrın 10-da Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə məktəblilər arasında keçirilən “Eco Picture Diary 2013” (“Eko Rəsm Gündəliyi 2013”) beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçılarının mükafatlandırma mərasimi keçirilib.

Müsabiqə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, YUNESKO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və “Panasonic Marketinq MDB”nin (PMCIS) dəstəyi ilə təşkil olunub.Noyabrın 1-dən 15-dək davam edən müsabiqə zamanı Bakı və Gəncə şəhərlərində 5000 məktəbliyə ekoloji gündəliklər paylanılmış, onlardan 3032-si doldurularaq təşkilatçıya təqdim olunmuşdur. Bu göstərici beynəlxalq müsabiqədə iştirak edən 51 ölkə arasında ən yüksək yerlərdən birini tutur. Müsabiqədə iştirak edən şagirdlər onlara paylanmış xüsusi gündəliklərə qlobal ekoloji problemləri və ətraf mühitin qorunmasının vacibliyini əks etdirən rəsmlər çəkib, öz ideyalarının qısa şərhini veriblər. Bakı şəhəri üzrə 314 məktəbdən 2403, Gəncə şəhəri üzrə isə 49 məktəbdən 629 Eko Rəsm Gündəliyi daxil olub. Müsabiqə iştirakçılarından 1299 nəfəri 6-11 yaş, 1733 nəfəri isə 12-15 yaş qrupunu təmsil edib.Münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanova, eləcə də 19 finalçıya “Sertifikat” və qiymətli hədiyyələr təqdim olunub. Finalçılar Bakı şəhərindən Zərifə Əliyeva adına liseyi, “Ankara məktəbi”ni, İncəsənət Gimnaziyasını, 59, 99, 262, 271, 276, 290, 28, 98, 132-134, 301, 304 saylı orta ümumtəhsil məktəblərini, Gəncə şəhərindən isə 4, 28, 11, 25 saylı orta ümumtəhsil məktəblərini təmsil edir.Milli qalib olan Fuad Soltanov valideyni ilə birlikdə 3-6 dekabr 2013-cü il tarixlərində Parisdə beynəlxalq müsabiqənin mükafatlandırma mərasimində iştirak hüququ qazanıb və Azərbaycanı təmsil edib.2008-ci ildən keçirilən “Eco Picture Diary 2013” müsabiqəsinin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin yüksəldilməsi, flora və faunaya, bötüvlükdə təbiətə qayğı hissinin aşılanmasıdır. Layihə həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR