II Avropa Oyunlarının keçirilmə ölkəsi məlum olub.
2019-cu ildə baş tutacaq Avropa Olimpiadası Belarusun paytaxtı Minskdə keçiriləcək.
Bu barədə qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 45-ci iclasında verilib. Dünən Belarus Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Maksim Rıjenkov açıqlamışdı ki, onların ölkəsinin bu yarışı keçirmək üçün maliyyə imkanları var.
Halbuki II Avropa Oyunlarının Rusiyada keçirilməsi gözlənilirdi. Lakin 2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatının keçirilməsinə qərar verilməsi rusların namizədliyini geri götürməsinə səbəb olmuşdu. Rusiyanın Kazan və Soçi şəhərlərindən başqa, namizədlər qismində İstanbul, Qlazqo və Polşanın bir neçə şəhərinin adı çəkilib.
Xatırladaq ki, I Avropa Oyunları ötən il paytaxtımız Bakıda keçirilib. Ümumi medal sıralamasında Rusiya 79-u qızıl olmaqla 164 medal qazanıb və I yeri tutub. Azərbaycan isə II olmuşdu. I Avropa Oyunlarında idmanın 30 növü üzrə yarışlar keçirilib.