"II və III ixtisas qruplarına eyni çətinlikdə olan tarix suallarını salmaq ciddi balans pozuntusudur"

"II və III ixtisas qruplarına eyni çətinlikdə olan tarix suallarını salmaq ciddi balans pozuntusudur"
SOSİAL
13:05 26.05.2025
1331
"II və III ixtisas qruplarına eyni çətinlikdə olan tarix suallarını salmaq ciddi balans pozuntusudur"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib.
 
Ekspert bildirib ki, tarix fənnindən sualların çətinliyi ilə bağlı səslənən fikirlər doğrudur: 
 
"Bu gün II və III ixtisas qrupları üzrə keçirilmiş blok imtahanı abituriyentlər və təhsil ictimaiyyəti arasında haqlı narazılıq doğurub. Xüsusilə tarix fənnindən təqdim olunmuş sualların çətinlik dərəcəsi ilə bağlı səslənən fikirlər təkrar yoxlanmalı və ciddi şəkildə qiymətləndirilməlidir. Əldə etdiyimiz məlumatlar və tarix fənnini tədris edən müəllimlərlə apardığımız müzakirələr əsasında deyə bilərik ki, sualların mövzu baxımından təhsil proqramına uyğunluğu şübhə doğurmur. Lakin burada çox daha ciddi, prinsipial və obyektiv bir problem mövcuddur – bu da qiymətləndirmə sistemində bərabərsizlikdir".

Əmrah Həsənli II və III qruplarda tarix fənninin eyni bal şkalasına aid olmadığı halda hər iki qrupa təqdim olunan sualların çətinlik dərəcəsinin bir olması ilə razılaşmayıb:
 
"Tarix fənni II ixtisas qrupunda 100 ballıq çəkiyə, III ixtisas qrupunda isə 150 ballıq çəkiyə malikdir. Təəssüf doğuran hal isə odur ki, bu qədər ciddi bal fərqinə baxmayaraq, hər iki qrup üzrə iştirakçılara təqdim olunan suallar eyni səviyyədə, eyni mahiyyətdə və eyni çətinlik dərəcəsində hazırlanıb. Bu isə təhsil sistemində ədalət prinsipinə ziddir və qiymətləndirmə strukturunda açıq balans pozuntusudur. Əgər bir abituriyent eyni çətinlikdə olan sual üçün 150 bal qazanmaq potensialına sahibdirsə, digəri eyni zəhmət və eyni riskə baxmayaraq cəmi 100 balla kifayətlənməlidirsə – bu artıq qeyri-obyektivlikdir, təlim-tədrisə deyil, balla ölçülən ədalətsiz sistemə xidmət edən yanaşmadır. Çünki bu təkcə statistik bal fərqi deyil, abituriyentin motivasiyasına, özünə inamına və gələcək təhsil yoluna birbaşa təsir edən amildir. Təəssüf ki, bu kimi balanssız yanaşmalar həm təhsil siyasətinə, həm də Dövlət İmtahan Mərkəzinə olan ictimai inamı sarsıdır".

Təhsil eksperti sual bloklarını hazırlayan şəxslərə təkliflərini verərək, çətinlik səviyyəsinin nəzərə alınmasını da diqqətdə saxlamaqlarını tövsiyə edib:
 
"Təklifimiz ondan ibarətdir ki, gələcəkdə ixtisas qruplarına görə sual bloklarının hazırlanmasında fənnin bal çəkisinə uyğunlaşdırılmış çətinlik səviyyəsi tətbiq edilsin. Əgər bu texniki olaraq mümkün deyilsə, o halda qiymətləndirmədə kompensasiyaedici mexanizmlər nəzərdə tutulmalı, abituriyentlər eyni səviyyəli suallara görə fərqli "dəyər” ödəmək məcburiyyətində qoyulmamalıdırlar. Təhsil sistemində keyfiyyətli inkişaf yalnız rəqəmlərlə deyil, həm də ədalətli struktur və vicdanlı idarəetmə ilə mümkündür. Vətəndaş etimadını qorumaq üçün biz bu kimi halları görməli, dilləndirməli və dəyişiklik üçün israrla səsləndirməliyik".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR