İl bitir: Nə Səhiyyə naziri var, nə TƏBİB sədri...

İl bitir: Nə Səhiyyə naziri var, nə TƏBİB sədri...
SOSİAL
15:48 24.12.2021
431

2021-ci ilin bitməsinə sayılı günlər qalır. Bu ilin yekunlarına baxdıqda, ilin əvvəlindən dünyada və ölkəmizdə koronavirus pandemiyasının tüğyan etdyini gördük. Proqnozlara görə növbəti ildə də virusun daha çox mutasiyaya uğramış versiyalarının yayılacağı gözlənilir.

Ölkə səhiyyəsinin pandemiya ilə mübarizə apardığı bir dönəmdə artıq 8 aydır ki, Səhiyyə Naziri və Təbib Sədri üzrə yerlər boş qalıb. Onları müvəqqəti əvəzləmək üçün səlahiyyətli şəxslər təyin olunsalar da, ölkəmizin səhiyyə gəmisi hələ də "kapitan”sızdır.

Dünya ölkələri pandemiya ilə mübarizədə səhiyyə sistemini gücləndirir, bəs Azərbaycanda belə bir vəziyyətdə səhiyyəyə aid postlara niyə təyinatlar yoxdur?

AZXEBER.COM-a danışan həkim Adil Qeybulla Səhiyyə Naziri postu boş olmasına baxmayaraq, bu vəzifəni icra edən əvəzləyicinin olduğunu bildirib:


"Səhiyyə Naziri əvəzləyicisi hazırda pandemiyayla məşğuldur. Həmçinin bu işlə TƏBİB də yaxından maraqlanır. Səhiyyə Naziri postunun boş olması narazılığa səbəb olmamalıdır. Çünki bu vəzifəni icra edən, səhiyyə nazirini əvəzləyən var. O, həmin məsuliyyətləri öz vəzifəsi kimi icra edir.”

Tanınmış həkim eyni zamanda Azərbaycanda koronavirusla mübarizənin hansı səviyyədə olması barədə də fikirlərini bölüşüb: "Pandemiyayla mübarizədə Azərbaycanın göstəriciləri ÜST-ün nəticələrinə görə normaldır. Vaksinasiya ilə bağlı xeyli uğurlar əldə olunub. Azərbaycan Qafqazda əhalini vaksin edən ilk ölkədir. Təbii ki, problemlər və nöqsanlar da var. Əhalinin özündə də müəyyən problemlər tapmaq olar. Əksər insanlar saxta vaksin pasportları almaqla Azərbaycanın koronavirusla mübarəzəsini ləngidirlər. Ölkəmizdə pandemiya dövründə boşluqlardan biri onda oldu ki, maarrifləndirmə işi düzgün təşkil olunmadı”.

Mövzu ilə bağlı AZXEBER.COM-a fikirlərini bölüşən Fazil Mustafa iki önəmli postun boş olmasının ciddi fəsadları olduğunu deyib:


"Səhiyyə Naziri postu boş qalmamalıdır, bura nazir təyin olunmalıdır. Bu, dövlət rəhbərliyinin səlahiyyətində olan bir məsələdir. Hansı səbəbdən hələ də nazir postu boş qalıb, mən bunu bilmirəm, amma hər halda səhiyyə vacib sahədir. Yəqin ki, yaxın zamanlarda səhiyyə ilə bağlı yeni qərarlar qəbul olar və bu istiqamətdə addımlar atılar.”

Deputat Avropa ölkələrinin Azərbaycandan alınan sertifakları tanımaması məsələsinə də münasibət bildirib və bunun səhiyyə sistemindəki boşluqlardan qaynaqlandığını əlavə edib: "Bu, çox böyük bir biabırçılıqdır. Avropada Azərbaycandan alınan vaksin sertifikatlarının QR kodu oxunmursa, demək ki, nələrsə yolunda getmir. Vətəndaş nəyə görə bu cür problemlə üzləşib əziyyət çəkməlidir? Sabah biz də bu problemlə qarşılaşa bilərik, bu hər kəsin başına gələ bilər. Bu məsələnin üstünə ciddi gedilməlidir”.

Qeyd edək ki, Oktay Şirəliyev Prezident İlham Əliyevin 23 aprel 2021-ci il sərəncamına görə, Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilmişdi. Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən çıxarılandan sonra nazir vəzifəsinin müvəqqəti icrası nazirin birinci müavini təyin edilən Teymur Musayevə tapşırılmışdı. TƏBİB sədri Ramin Bayramlı da bir neçə ay bundan öncə istefa vermişdi.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR