Millət vəkili Fərəc Quliyev Rusiyada yaranmış iqtisadi böhranla əlaqədar ölkəmizə geri qayıdan soydaşlarımıza dövlətin dəstək çıxması və faydalı çalışmaları üçün təklif verib. Millət vəkili büdcə xərcləri arasında yaranmış büdcə artıqlığını kadr banklarının yaradılmasına yönəltməklə və bu banklar vasitəsiylə güzəştli kreditləri təmin etməklə dövlətin həm sahibkarlığın inkişafına, həm kadrların faydalı istifadəsinə, həm də soydaşlarımıza sahib cıxmasına səbəb olacağını bildirib: “Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır.Onlara dövlətin dəstək çıxması və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir Fond yaratmaq mümkündür”.
Deputat təklif edib ki, Rusiyadan qayıdan soydaşlarımız müvafiq icra hakimiyyəti orqanlarından birinin, məsələn, Dövlət miqrasiya xidməti idarəsinin nəzdində yaradılmış kadr banklarında qeydiyyata alınsın: “Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan Fonda təqdim edərək həm oz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən dəstək almaqla iş qursunlar. Bu əyalət siyasəti, qeyri-neft sektorunun inkişafına ciddi təkan olar”.
Millət vəkili Vahid Əhmədov sözügedən məsələni AZXEBER.COM-a şərh edərkən deyib ki, bu məsələdə heç bir problem ola bilməz: “Rusiyadakı soydaşlarımız Azərbaycan vətəndaşlarıdır. Amma o vəsaitin qalıb-qalmayacağı hələlik sual altındadır. Çünki neftin qiymətində hələlik problem var. Amma qeyd etmək istəyirəm ki, dövlət başçısı hər zaman Rusiyada yaşayan azərbaycanlıların qayğısına qalır, onların problemlərini diqqətdə saxlayır. Bu gün Rusiyadakı ictimai-siyasi vəziyyət, xüsusilə rublun dəyərdən düşməsi, xarici dövlətlərin onlara qoyduğu embarqo orada vəziyyəti çox gərginləşdirib. Bizim yüz minlərlə vətəndaşımız orada çox əziyyət çəkir. Mənim də məlumatlarım var. Bir çoxları deyir ki, belə davam etsə, qayıdıb Vətənə gələcəyik. Yəni əslində, Rusiyanın belə vəziyyətdə olması bizə sərf etmir. Onlar bizimlə qonşu dövlətdir, strateji müttəfiqimizdir. Orada nə qədər stabil durum olsa, bu bizim üçün bir o qədər yaxşıdır. Amma son zamanlar Rusiyada yaşanan hadisələrə görə, vəziyyət heç də yaxşı deyil”.
Azərbaycanın şimal qonşusunda yaşanan olayları bilavasitə nəzərə alaraq Rusiyada yaşayan və fəaliyyət göstərən imkanlı azərbaycanlıların Vətənə qayıdaraq burada sərmayə qoyması məsələsinə isə millət vəkilinin mövqeyi belə olub: “Rusiyada yaşayan imkanlı soydaşlarımızın Azərbaycana gəlməsi və malik olduqları maliyyənin Vətəndə sərmayə qoymaları üçün bu gün ölkədə kifayət qədər münbit şərait var və dövlət başçısı da daima buna qarant durur”.
Orxan