"İlham Əliyev Cənubi Qafqazın tarixində ilk dəfə uzun müddətli sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı"

"İlham Əliyev Cənubi Qafqazın tarixində ilk dəfə uzun müddətli sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı"
SOSİAL
18:03 08.11.2022
370
"8 noyabr zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə heç şübhəsiz ki, ən şanlı səhifəmizdir".

Bu fikirləri AZXEBER.COM-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 44 günlük Vətən Müharibəsindən danışarkən bildirib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Ermənistana qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi:
 

 

"Əlbəttə, qələbəmizin hərbi-siyasi nəticələri aydındır, biz işğala son qoyduq, bölgənin güc mərkəzinə, əsas nüfuz sahibinə çevrildik. Amma daha önəmlisi Azərbaycan cənab İlham Əliyevin liderliyində öncə ermənilərə, son yüz ildə isə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi".

Millət vəkili əlavə edib ki, İlham Əliyevin qalibiyyəti Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı:

"İlk növbədə, erməni mənafelərini ehtiva edən iki əsrlik gedişata dur deməklə Prezident İlham Əliyev Cənubi Qafqazın tarixində ilk dəfə uzun müddətli sülh və əməkdaşlıq mühiti üçün perspektiv açdı. Eyni zamanda bölgəyə köçdükləri dövrdən etibarən ermənilər tərəfindən bu torpaqların əsl sahibləri azərbaycanlılara qarşı etnik təmizləmə məqsədi ilə törədilən insanlıq əleyhinə cinayətlərə görə tarixi qisasımız alındı. 
Habelə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin dünya hərb tarixinə düşəcək uğurlu və unikal hərbi əməliyyatları ən qabaqcıl əsgəri məktəblərdə öyrənilməyə başlandı, bir zamanlar bizi görməzdən gələnlər Azərbaycana real güc kimi baxmağa başladılar.

Bəhruz Məhərrəmov qeyd edib ki, qələbəmiz təkcə siyasi meydanda deyil, həm də informasiya müharibəsində oldu:

"Bu qələbəmizin müstəsna komponentlərindən biri də heç şübhəsiz ki, cənab İlham Əliyevin informasiya savaşında misilsiz liderliyi oldu. Cənab Prezident informasiya müharibəsinin də yükünü demək olar ki, təkbaşına çiyinlərinə aldı və əcnəbi jurnalist ordusunun təxribatlarını səbr və təmkinlə, dünya görüşü, geniş vizyon və böyük ustalıqla Azərbaycanın lehinə çevirdi, bununla cəbhədəki qələbələr informasiya məkanında da təkrarlandı. 44 günlük savaşın nəticəsi həm də həmrəyliyimizin, xalq-ordu-hakimiyyət birliyinin təntənəsi oldu. Biz dünyaya neçə böyük milli mənəvi dəyərlərə sahib, vətənə millətə, dövlətə nə qədər bağlı xalq olduğumuzu göstərdik. Göz qırpmadan canını vətənə qurban verən oğullarla sübut etdik ki, biz həqiqətən də Zəfərə layiq xalqıq. 

Bəli, bizim bu qələbəyə çox ehtiyacımız var idi, amma postmüharibə dövründə gördük ki, Zəfər qədər onun davamlılığını təmin etmək də önəmlidir. Ardıcıl diplomatik, hərbi-siyasi gedişlər, iqtisadi həmlələrlə, ciddi ordu quruculuğu və hərbi islahatlarla cənab İlham Əliyev nümayiş etdirdi ki, Azərbaycan Respublikası canı,qanı hesabına qələbə qazandığı kimi zəfərin nəticələrini də qorumağa qadirdir".

Deputat sonda 8 noyabr zəfər gününün Azərbaycan üçün yeni bir tarix adlandırıb:

"8 noyabr həm də ona görə önəmlidir ki, bu tarix bizim yenidən dirilişimiz, müzəffər xalq kimi bütün səddləri aşaraq yenidən başlamağımızdır. Qələbədən keçən iki il isə dəfələrlə bizə sübut etdi ki, bu yolda uğurumuzun yeganə təminatı Heydər Əliyev yolu, İlham Əliyev şəxsiyyəti və onun ətrafında möhkəm milli həmrəyliyimizdir. Yaşasın Azərbaycan, Eşq olsun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və onun qalib əsgərlərinə! Allah şəhidlərimizə rəhmət eləsin! Zəfərin mübarək, Azərbaycan".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.
 


 


OXŞAR XƏBƏRLƏR