İlham Əliyev Gürcüstanın daxili işlər nazirini qəbul edib
SİYASƏT
16:51 21.05.2013
1546
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın daxili işlər naziri İrakli Ğaribaşvilini qəbul edib. Daxili işlər naziri İrakli Ğaribaşvili Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarını dövlət başçısına çatdırıb.Nazir vəzifəsində ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan İrakli Ğaribaşvili Gürcüstanın Azərbaycan ilə strateji tərəfdaşlığa xüsusi önəm verdiyini deyib. O, Gürcüstanın yeni hökumətinin səyləri sayəsində ölkələrimiz arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bütün sahələrdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə əmin olduğunu bildirib.İrakli Ğaribaşvili Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin ilk səfərlərindən birini Azərbaycana etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib.Azərbaycan ilə Gürcüstan arasında qədim tarixi əlaqələrin, dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev Gürcüstanın yeni hökumətinin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı Azərbaycanın da öz növbəsində ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və geniş sahələri əhatə etməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan prezident İlham Əliyev cinayətkarlığa qarşı birgə mübarizəni və informasiya mübadiləsini daha da genişləndirməyin önəmini vurğulayıb.