Azərbaycan 21-ci əsrdə müharibələrdə tam qələbə qazanmış yeganə ölkədir. Xalq qalib liderinin arxasındadır və onun artıq dillərə əzbər olan "mən bilirəm nəyi, nə vaxt və necə edəcəm” cümləsi hər bir vətəndaşımız üçün güvən və inam mənbəyidir.
Azərbaycan bu gün yalnız Ermənistan üzərində deyil, regionun böyük gücləri, o cümlədən Rusiya qarşısında da özünü müstəqil və qalib dövlət kimi nümayiş etdirir. Müharibədən sonrakı mərhələdə Azərbaycanın prinsipial mövqeyi, suverenliyinə tam nəzarəti və Rusiya sülhməramlılarının bölgədən çıxması bunu açıq şəkildə sübut edir. Bu, Cənubi Qafqazda geosiyasi reallıqları dəyişdirən, Azərbaycanın iradəsini tanıdan mühüm addım idi. Bu reallığı dünyanın bütün aktorları anlayır və qəbul edir.
Və ən əsası – bu gün heç bir ölkə Azərbaycanla diktə dili ilə danışa bilməz. Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyan, daxili və xarici siyasətini öz strateji planlarına əsasən həyata keçirən müstəqil dövlətdir. Heç bir təzyiq, heç bir yönləndirmə Azərbaycanın qərarlarına təsir edə bilməz.
Prezident İlham Əliyev təkcə Azərbaycanda yaşayanların deyil, dünyanın hər yerində yaşayan milyonlarla azərbaycanlının lideridir. Onun siyasəti bütün dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirir, milli qürur və həmrəylik hissini gücləndirir. Bu gün istər Avropada, istər Amerikada, istərsə də Asiyada yaşayan azərbaycanlılar Prezidentin qətiyyətli mövqeyini, milli maraqları qoruyan siyasətini böyük dəstəklə izləyirlər.
Rusiya anlamalıdır ki, Azərbaycanla başqa cür danışmaq, təzyiq dili ilə yanaşmaq mümkü deyil.
Azərbaycanın mövqeyi aydındır: biz suverenik, güclüyük, qalib ölkəyik və heç kimin təsiri altında qərar vermirik. Bu reallığı qəbul etmək regionda sabitlik və əməkdaşlıq üçün yeganə düzgün yoldur.
Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com portalının baş redaktoru