Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, çünki bu gün qloballaşma prosesi gedir.
“Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər.
Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm.
Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun.
Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur”.
Prezident vurğulayıb ki, yaşlı nəslin borcudur ki, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər.
“Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir.
Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir”.