İlham Əliyev: ‘Poladla 40 ildən çoxdur dostuq’ - FOTOLAR

SİYASƏT
01:25 05.02.2015
2532

Fevralın 4-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.

İlham Əliyev qonaqları salamlayıb:“Mən çox şadam ki, Polad Bülbüloğlu öz yubileyini Vətənində, dostları və yaxınlarının əhatəsində qeyd edir.

Bizi Polad Bülbüloğlu ilə 40 ildən artıqdır ki, dostluq əlaqələri birləşdirir. Demək olar ki, 40 ildir bir-birimizi tanıyırıq. O vaxtlar mən yeniyetmə idim, Polad Bülbüloğlu isə məşhur müğənni və bəstəkar idi. Mənim valideynlərim Polada səmimi münasibət bəsləyirdilər. Mən də həmişə ona belə münasibət bəsləmişəm. Sonradan Moskvada təhsil aldığım illərdə onunla mütəmadi ünsiyyətdə olmuşuq. Bu dostluğu uzun illərdir ki, davam etdiririk. Dünən söhbətimizdə qeyd etdiyimiz kimi, növbəti yubileyə qədər də tez-tez görüşəcəyik. Bu, mənim Polad Bülbüloğluna təqdim etdiyim ilk mükafat deyil, 10 il əvvəl ona “İstiqlal” ordeni təqdim edilmişdi, bu gün isə “Şərəf” ordeni təqdim edilir”.

Prezident Polad Bülbüloğlunun yaradıcılığına da toxunub: “Bildirmək istəyirəm ki, onun yaradıcılığının milli köklərə yaxınlığı, eyni zamanda, keçmiş Sovet İttifaqı respublikalarında rəğbətlə qarşılanması məni daim heyrətə gətirirdi. Ona görə də hesab edirəm ki, Polad Bülbüloğlunun yaradıcılığı xalq yaradıcılığıdır. Onun yaradıcılığının kökləri Azərbaycan tarixinin ən dərin izlərinə gedib çıxır. O, böyük sənətkarımız, Azərbaycan xalqının fəxri olan, xalqımızın tarixində görkəmli ifaçı və vətəndaş kimi qalan müğənni Bülbülün ailəsində anadan olub. Təbii ki, bu, onun yaradıcılığına təsir göstərib.

Onun mahnıları keçmiş Sovet İttifaqı məkanında hitə çevrilib. Əvvəllər belə termin işlədilmirdi, amma indi bu termini işlətmək olar, bu mahnılar indiyə kimi yaşayır. Xüsusi qeyd etmək istəyirəm ki, o, ancaq özünün bəstələdiyi mahnıları oxuması ilə unikaldır. Bu da bir daha onun istedadının dərinliyini əks etdirir. O, həyatı boyu sevimli işi ilə məşğul olur. Əsas da elə budur: həm musiqiçi, həm ifaçı, həm də yaradıcı insan və bu gün də Azərbaycanın Rusiyadakı səfiri kimi. Şadam ki, o, bu sahədəki fəaliyyətinə də yaradıcı yanaşır və ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün çox işlər görür. Azərbaycan dövləti, Azərbaycan xalqı adından onu yubiley münasibətilə bir daha təbrik etmək və yüksək mükafatı təqdim etmək istəyirəm”.

İlham Əliyev “Şərəf” ordenini Polad Bülbüloğluna təqdim edib.

OXŞAR XƏBƏRLƏR