Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti işə başlayıb.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Sammitdə iştirak edir.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi, İran Prezidenti Həsən Ruhanini, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi və Türkmənistan Prezidenti Qurbanqulu Berdimühəmmədovu qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Həştərxan Sammitində Xəzər hövzəsinin müasir hüquqi statusunun formalaşdırılması məsələləri, dənizdə təhlükəsizliyin möhkəmləndirilməsi və ümumi çağırışlara qarşı birgə fəaliyyət, Xəzərin nadir təbii mühitinin və bioloji resurslarının qorunması, aktual regional və beynəlxalq məsələlər müzakirə ediləcək. Dövlət başçıları bundan əvvəl keçirilən sammitlərdə qəbul edilən qərarların yerinə yetirilməsinin yekunlarına nəzər salacaq, Xəzəryanı ölkələr arasında əlaqələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcəklər.
Xəzəryanı ölkələrin dövlət başçılarının birinci sammiti 2002-ci ildə Aşqabadda, ikincisi 2007-ci ildə Tehranda, üçüncüsü isə 2010-cu ildə Bakıda keçirilib.


