Prezident İlham Əliyevin AŞPA-dakı çıxışından sonra Azərbaycan xalqı fəxarət hissi keçirirdi.
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib. S.Novruzov qeyd edib ki, lakin bir sıra istisnalar var idi ki, bura da bəzi siyasi qüvvələr aiddir: "Onlar da erməni lobbisinə xidmət edən müəyyən Avropa deputatları, ermənilər, yaxud da ermənidən daha çox Azərbaycana ziyan verən, adını azərbaycanlı qoyub, lakin ölkəmizin əleyhinə işləyən bəzi ünsürlər idi. Biz bunun hamısının şahidi olduq ki, Prezident Azərbaycanla, dünyada gedən proseslərlə bağlı fikirlər səsləndirdi. Burada Avropa deputatlarının ölkə başçısına verdikləri suallar bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu barədə, regiondakı münaqişələrin həlli yolları barədə deyil, erməni deputatının yazıb qarşısına qoyduğu mənşəcə erməni olan Leyla Yunus və o cür ünsürlər haqqında idi".