"Vətən müharibəsi günlərində də xalqın mütləq əksəriyyəti cənab Prezidenti dəstəkləyirdi, onun yanında olduğunu bildirirdi. 44 gün ərzində bütün bunlara təkcə biz yox, bütün dünya şahid oldu. Bunlar bütün dünyanı heyrətə gətirən məsələ oldu”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov 44 günlük Vətən müharibəsindən və parlaq qələbəmizdən danışarkən deyib.
Deputat qeyd edib ki, həmin dövrdə xalq bir yumruq kimi öz liderinin ətrafında birləşdi:
"Azərbaycan 2020-ci ilin 27 sentyabrına qədər bu qələbənin qazanılması üçün çox çətin, ağır, məşəqqətli, eyni zamanda bir yol keçdi. Ümumilli Liderimizin bünövrəsini qoyduğu və hər dəfə fikirlərində bu torpaqların geri qayıdacağını və oradan didərgin düşmüş azərbaycanlılarımızın öz yurd-yuvasına qayıdacağını həmişə inamla söyləyirdi. Biz bilirdik ki, bunu bacaracağıq. Çünki, əvvəla bünövrə doğru və düzgün özüllər üzərində qurulmuşdu. Eyni zamanda, keyfiyyətcə yeni çağırışlara uyğun həmin siyasəti aparan ölkə başçısı cənab İlham Əliyev var idi və xalqın mütləq əksəriyyəti cənab Prezidenti dəstəkləyirdi, onun yanında olduğunu bildirirdi. 44 gün ərzində bütün bunlara təkcə biz yox, bütün dünya şahid oldu. Bunlar bütün dünyanı heyrətə gətirən məsələ oldu. Xalq necə bir yumruq kimi öz liderinin ətrafında birləşdi və tarixi qələbəsini qazandı.
Bu gün biz artıq həmin qələbənin, Zəfər Gününün ərəfəsindəyik, hər birimizin içərisində qürur, iftixar hissi var. Çünki müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı-şöhrətli ordumuz, əsgər və zabitlərimiz bizə bu qələbəni yaşatdılar. Bu gün hər birimiz alnı açıq, üzü ağ, başı uca şəkildə gözəl Azərbaycanımızın necə inkişaf etdiyini, bütün sahələrdəki uğurlarını görürük”.
Deputat deyib ki, Prezident hazırda da qətiyyətlə ölkənin mənafeyini müdafiə edir və milli maraqlarımızı öndə tutur:
"Müharibə bitib, amma diplomatik müharibə davam edir. Masalarda, danışıqlarda gedən manevrli, taktikalı, hətta bir sözün dəyişilməsi ilə nələrin baş verə biləcəyini hələ tam bilmədiyimiz gərgin bir mübarizə hələ də gedir. Hər birimiz də onun iştirakçısıyıq. Yenə də bu işlərin başında ölkə Prezidenti cənab İlham Əliyevdir. Cənab Prezident çox məharətlə bu müharibəni də aparır. Çox qətiyyətlə ölkənin mənafeyini müdafiə edir və milli maraqlarımızı öndə tutur. Bununla da cənab Prezident bu gün ölkəmizi yeni uğurlara doğru aparır”.

Vüqar İsgəndərov qeyd edib ki, hazırda Azərbaycan tam davamlı, dayanıqlı iqtisadiyyat qurub, sosial-siyasət yüksək səviyyədədir:
"Dünyada yeni siyasi mənzərə formalaşdırılır. Bu siyasi mənzərədə, bu siyasi konfiqurasiyada Azərbaycanın xüsusi yeri və çəkisi var. Bunun, təbii ki, səbəbkarı cənab Prezidentimiz və onun yanında olan, onun arxasında olan, mütləq əksəriyyətlə onu dəstəkləyən xalqımızdır. Bu yeni düzəndə mövqeyimiz möhkəmlənir. Bu gün Azərbaycan "Qoşulmama Hərəkatı”nda rəhbər kimi, Azərbaycanın Prezidenti bu hərəkatın sədri kimi ikinci beynəlxalq platforma olan bu hərəkata uğurla rəhbərlik edir. Azərbaycan kifayət qədər bu təşkilata da nüfuz gətirdi, Azərbaycan lideri bu təşkilatın nüfuzunu bir az da artırdı. Ona görə də, ölkələrin hər birinin yekdil qərarı ilə sədrlik bir il də artırıldı və bu da ölkəmizə çox böyük etimad və inamı ehtiva edir. Artıq yeni çağırışlar var, bu çağırışlara cavab vermək hər bir ölkənin gücündə deyil. Hər bir ölkə yeni çağırışlarla ayaqlaşa bilmir. Amma Azərbaycan tam davamlı, dayanıqlı iqtisadiyyat qurub, sosial-siyasət yüksək səviyyədədir. Ordu quruculuğu sürətlə gedir. Daha da modern üslubda, NATO üslubunda Türkiyənin kiçik modeli olan ordu quruculuğu hazırda davam edir. Ölkədə siyasi sahədə münasibətlər yüksək səviyyədədir. Bütün bunların hər biri müasir Azərbaycanın simasıdır və hələ ölkəmizi qarşıda yeni böyük uğurlar gözləyir”.
Aydın Nuri