İlham Əliyevin Xankəndidə səs verməsi dünyaya hansı mesajı verdi?

SİYASƏT
15:16 08.02.2024
397
Xəbər verdiyimiz kimi, ötən gün 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.
 
Seçki günündə seçici fəallığı günün sonuna qədər müşahidə edildi.
 
Bülletenlərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93.9 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
 
Prezident seçkilərində diqqətçəkən əsas məqamlardan biri dövlət başçısının Xankəndidə səsvermə hüququndan istifadə etməsi olub.
 
İlham Əliyevin Xankəndidəki seçkidə iştirak etməsi dünyaya və düşmənlərimizə hansı mesaj verdi?
 
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, 7 fevral prezident seçkiləri Azərbaycanın milli demokratiya tarixinin bayramına çevrildi:

 

"Azərbaycanda keçirilən 7 fevral - növbədənkənar prezident seçkiləri milli demokratiya tariximizin bayramına çevrildi. Azərbaycan xalqı tarixi zəfəri bizə bəxş edən siyasi lideri öz səsləri ilə yenidən hakimiyyətin zirvəsinə daşıdı. Bu, ən böyük insan hüquqları, demokratiya hadisəsidir. Prezident İlham Əliyev Xankəndidə səsvermə hüququndan istifadə etdi. Bu proses bütövlükdə tariximizdə yeni bir hadisə idi. Çünki yarandığı gündən, yəni 1923-cü ildən bu vaxta qədər heç vaxt heç bir Azərbaycan rəhbəri Xankəndidə keçirilən prezident seçkilərində öz səsini hüquqi prosedura çevirə bilməmişdir. Bunu cənab Prezident, Ali Baş Komandan İlham Əliyev etdi".
 
Deputat hesab edir ki, dünənə qədər dünyada terror yuvası kimi tanınan Xankəndi şəhəri seçkidə demokratiyanın təntənə etdiyi mərkəzə çevrilmiş oldu:
 
"Dünənə qədər dünyada terror, separatçılıq yuvası kimi tanınan Xankəndi bu gün demokratiyanın təntənə etdiyi, xalqın hüquqlarını seçki vasitəsiylə ifadə etdiyi bir mərkəzə çevrilmiş oldu. Birincisi, bu prezident seçkisi, əlbəttə ki, Azərbaycan xalqının milli yaddaşına əbədi yazılan bir hadisə oldu. İkincisi də dünənə qədər dünyanın müxtəlif platformalarında separatçıların beşiyi kimi tanınan Xankəndinin sivil, normal bir Azərbaycan şəhəri olduğunun göstəricisinə çevrildi. Ona görə də mən düşünürəm ki, bu hadisə bir daha onu göstərdi ki, Azərbaycan xalqı üçün demokratiya onun hüquqlarının bərpasıdır. Azərbaycan xalqı üçün demokratiya insan hüquqları öz tarixi torpağını, ərazisinin hər bir qarışında mühüm hüquqi-siyasi aksiyaları həyata keçirmək imkanlarıdır. Əslində, bir gün öncə bu mühüm hadisə baş verdi ki, bu da dövlətçiliyimiz, milli inkişaf baxımından yeni bir səhifə yaratmış oldu".
 
Mövzu ilə əlaqədar AZXEBER.COM-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, dünənki seçki prosesi ölkəmizin tarixinə möhtəşəm bir hadisə kimi həkk olundu:

 

"Əlbəttə ki, cənab Prezident İlham Əliyevin qələbəsi müstəsna əhəmiyyətə malikdir. Çünki bu gün Azərbaycan tarixi bir dövrdə bu növbədənkənar prezident seçkilərin keçirdi. İlk dəfə ölkəmizin yuristiksiyasının (hüququ) bərpa olunduğu bütün suveren ərazilərdə belə bir möhtəşəm və mükəmməl seçki prosesi başa çatdı. O cümlədən nəzərə almaq lazımdır ki, həm fəslin çətinliyinə baxmayaraq, həm də eyni zamanda dünyada 2024-cü ilin qlobal seçki marafonları ili kimi xarakterizə edildiyi bir dövrdə hamının diqqətinin özəlliklə qazandığı qələbədən sonra üzərinə cəmləşdiyi Azərbaycanın belə dünya ölkələrinə örnək olan mükəmməl səviyyədə, seçki aktivliyi ilə seçilən belə bir səviyyədə seçki həyata keçirməyi xüsusi diqqətə layiq bir hadisə idi. Buna görə də bizim ölkəmizə olan diqqət və maraq özünü ilk dəqiqələrdən göstərdi".
 
Politoloq bildirib ki, "Exit-poll"un ilkin nəticələrindən sonra İlham Əliyevin reytinqi və səs fərqi hər kəsə aydın oldu:
 
"Exit-poll"un ilkin nəticələri zamanı bir daha aydın oldu ki, İlham Əliyevin reytinqi və aldığı səs digər namizədlərə nisbətən bir xeyli öndədir. Təbii ki, namizədlərin bir çoxu da fərqində idi ki, Xankəndiyə Azərbaycan bayrağını sancan, çətin geopolitik situasiyalarda bu qədər böyük qələbələr qazanan İlham Əliyevlə rəqabət aparmaq çətin bir məsələdir. Amma hər halda bu seçkidəki demokratiyadan istifadə edən bütün namizədlər və onların səlahiyyətli nümayəndələri də cəmiyyətlə daha geniş təmasa keçdi, öz fikir və ideyalarını insanlara təqdim etdi. Azərbaycanın, əlbəttə ki, həm regional, həm coğrafi konturlar baxımından, həm də geostrateji mövqe baxımından çox yaxşı mövqeləri var və bu sözügedən mövqelər beynəlxalq birlik tərəfindən daim dəyərləndirilir".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə ""Böyük Qayıdış"" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR