İmtahan nəticələrinin açıqlanması niyə gecikir? - RƏSMİ AÇIQLAMA

İmtahan nəticələrinin açıqlanması niyə gecikir? - RƏSMİ AÇIQLAMA
SOSİAL
22:35 04.04.2019
3793
9-cu siniflər üçün buraxılış imtahanlarının keçirilməsindən 1 aya yaxın vaxt ötüb. Lakin hələ də imtahan nəticələri açıqlanmayıb. Dövlət İmtahan Mərkəzi nəticələrin gecikməsinə aydınlıq gətirib.

AZXEBER.COM xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib ki, imtahan nəticələrinin gec açıqlanması obyektivliklə bağlı heç bir şübhə yarada bilməz.

Onun sözlərinə görə, burada milyonlarla tapşırığın yoxlanılmasından söhbət gedir. Yazılı şəkildə cavablandırılmalı olan suallar var və onlar birinci mərhələdə daha çoxdur. Bu səbəbdən də tapşırıqların yoxlanılması 2 aya yaxın çəkir. Obyektivliyin qorunması məqsədi ilə də hər bir şagird öz cavab vərəqinə baxmaq imkanı əldə edəcək.

Qurum rəsmisi bəzi fənlər üzrə sualların çətin salınması məsələsinə də aydınlıq gətirib. Vurğulayıb ki, imtahandan öncə texniki tapşırıq hazırlanır. Həmin tapşırıqda imtahanın məzmunu öz əksini tapır və sualların çətinlik dərəcəsi təyin edilir.

Xanlar Xanlarzadə 11-ci sinif şagirdləri üçün aprelin 7-də keçiriləcək buraxılış imtahanlarından da danışıb. Deyib ki, imtahanda 27 min 659 nəfər 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilərlər. Bu il imtahanlar 2 mərhələdə keçirilir. Abituriyent buraxılış imtahanlarından maksimum 300, qəbul imtahanlarından isə 400 bal toplaya bilər. Müsabiqədə iştirak etmək üçün ümumi bal minimum 200 olmalıdır. Abituriyentin buraxılış imtahanından nə qədər bal toplaması önəmli deyil. İkinci imtahanda isə minimum 100 bal toplamalıdır.
OXŞAR XƏBƏRLƏR