Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin yenidən qurulması, bərpası və mühafizəsi Azərbaycan Prezidenti və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir, zəngin tarixi və mədəni irsimizə həyat verilir, beləcə dünya və ölkə üçün əhəmiyyətli sayılacaq abidələrimiz özünün intibahını yaşayır. Doğma Qarabağımızda səfərdə olan hər kəs könülaçan mənzərənin canlı şahidi olur. Tarixi irsimizi gələcək nəsillərə göz bəbəyi kimi qoruyub, onlara əbədi ömür bəxş edənlər millətimizin yaddaşında əbədi qalacaqdır.
Ötən həftələrdə Ağdam şəhərini ziyarət edən həmyaşıdım — Mehman Qurbanovun telefon zəngi bəndənizi həyəcanlandırmaya bilməzdi. Yurddaşımızın nigaranlığının əsas səbəbi onun vətəndaşlıq mövqeyi ilə bağlı idi. Telefon danışığında bildirdi ki, Ağdam şəhərində — Köhnə hamam məhləsi deyilən yerdə "Gündəlik Təlabat" mağazasının sahibi rəhmətlik Yolçu əminin dükanının arxa hissəsində XIX əsrin sonlarında Xan qızı Xurşidbanu Natəvan tərəfindən tikdirilən və "Natəvan hamamı” kimi tanınan abidənin sökülmək təhlükəsini ehtimal edərək həyəcan və nigaranlıqla mənəvi borcu kimi bildirdi. Sözünə əlavə olaraq vurğuladı ki, bəlkə yanılıram, ancaq ərazidən avtomobilnən ötərkən ağır texnikanın həmin yerdə işlədiyini müşahidə etdiyini söylədi.
Əlbəttə, Prezidentin xüsusi nümayəndəsi cənab Emin Hüseynovun Qarabağda gedən tikinti, abadlıq, quruculuq işlərində qədim yurd yerlərimizin bərpasında peşəkar mütəxəssislərlə birgə fəaliyyətini, qədim və tarixi abidələrimizə həssaslıqla yanaşdığını çoxsaylı reportajlarda, sujetlərdə izləyirik.
Təbii haldır, bəzən, iş olan yerdə səhvlər də olur. Hansısa məqam gözdən qaça da bilər.
Fəqət qədim tarixi, dini və mədəni irsimizi özündə daşıyan hər daşın, saxsı parçasının, ulu nənələrimizin toxuduğu xalının, kilimin belə izinin itməməsi üçün vitse-prezident Mehriban xanım Əliyevanın bəşər mədəniyyətinə, həmçinin də vətənimizdə bütün tarixi-memarlıq abidələrinin bərpasına göstərdiyi misilsiz xidmətləri sözügedən sahəyə rəhbərlik edən və çalışanlar əvəzsiz ənənəyə riayət etmələri, sadiq qalmaqları nəinki vəzifə, həm də mənəvi borc məsələsidir.
Böyük ümidlə inanırıq ki, Xurşidbanu Natəvanın Ağdam şəhərində tikdirdiyi hamamın sökülmək təhlükəsini öncədən zənn edən yurddaşımın və eynən birgə nigaranlığımızın əbəs olduğunun xoş xəbərini Prezidentin xüsusi nümayəndəsi Leyla xanım Sərabidən alacağımıza sonsuz ümidliyik...
Ağdam şəhər sakini Hikmət İslamoğlu