xari

"İnanaraq yaşadıq və yaşayaraq inanırıq!"

SİYASƏT
11:00 08.03.2021
743
Bəli, milyonlarla Azərbaycan vətəndaşı kimi, müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə həmişə inandım və inanmaqda davam edirəm. Bunun üçün sadəcə dönüb arxaya, uzaq və yaxın keçmişimizə baxmaq, müstəqillik illərinin ilk dönəmləri və bir də yaşadığımız bu günün reallıqları belə deməyə, ən yeni Azərbaycan tarixi ilə fəxr etməyimizə əsas verir.

Bəli, bu gün biz, hər bir Azərbaycan vətəndaşı yaşadığımız reallıqlardan sözün əsil mənasında sevinc və məmnunluq hissi yaşayırıq. Bütün bunlar son illərdə ölkəmizdə aparılan genişmiqyaslı işlərin, siyasi, sosial – iqtisadi və mədəni həyatımızın bütün istiqamətlərində ardıcıl olaraq həyata keçirilən məqsədyönlü islahatların nətricəsində qazanılan nailiyyətlər fövqündə baş verir. Aparılan islahatlar ölkədə sağlam, əlverişli ictimai-siyasi iqlimin formalaşmasına da öz töhvələrini verməkdədir. Bütün bunları nəinki görür, gündəlik hətaımızda yaşayırıq.

Torpaqlarımızın bütövlüyünü təmin edən 44 günlük qalibiyyətli müharibə xalqda dövlətimizə, dövlətçiliyimizə inam hissini daha da artırdı. Torpaqlarımızın işğaldan azad edilməsi milli bütövlüyümüzü təmin etdi, Azərbaycanı dünyaya tanıtdı. Artıq dünyanın aparıcı dövlətlərinin belə Azərbaycan reallıqlarını sözdə və işdə qəbul etdiklərini görürük. Son dövrlərdə yaşadığımız gerçəkliklər ölkənin siyasi həyatına da yeniliklər gətirdi. Bu yeniliklərin gətirdiyi reallıqlar Yeni Azərbaycan Partiyasının növbəti qurultayında bir daha özünün təsdiqini tapdı. Məhz Yeni Azərbaycan Partiyasının bu ali məclisində partiyalararası inteqrasiya yeni müstəviyə köçürüldü, əməkdaşlıq və tərəfdaşlıq, birgə fəaliyyət istiqaməti qəbul edildi.

Bu baxımdan 5 mart 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması barədə qəbul edilən qərar mühüm əhəmiyyətə malikdir. Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası barədə qəbul edilən bu qərar ölkəmizdə partiyalararası sağlam dialoq mühitinin dərinləşdirməsinə, demokratik ənənələri şaxələləndirməyə xidmət etməklə siyasi partiyaların güclənməsinə zəmin yaratdı.

Siyasi partiyalar tərəfindən vaxtında atılan bu addım taleyimizin qarantı olan Yeni Azərbaycan Partiyasının sözün əsl mənasında ümumxalq partiyası olmasının göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, torpaqlarımızın tamlığını təmin etmiş Vətən müharibəsindəki tarixi Qələbəmiz ölkədə milli birliyi möhkəmləndirdi, milli maraqları ön plana çıxardı. Bu birlik əksər siyasi partiyalar arasında sağlam münasibətlərin formalaşmasına, ümumdövlət məsələlərində onların vahid mövqedən çıxış etməsinə səbəb oldu.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalq tərəfindən birmənalı qəbul edilən "Biz birlikdə güclüyük” fikrinin dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilməsi siyasi münasibətlərədə də yeni yanaşmaların formalaşmasını zəruri etdi, nəticədə 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması Azərbaycanın dövlət və milli maraqları naminə müxtəlif siyasi qüvvələr arasında inteqrasiyanın qaçılmaz olduğu öz bir daha təsdiqini tapdı.

Bir təhsil işçisi, tarix müəllimi, bir vətəndaş olaraq belə hesab edirəm ki, müasir siyasi qüvvələr arasında baş verən inteqrasiya prosesi ölkəmizdə yeni siyasi sistemin formalaşması prosesinin uğurla davam etdirilməsinə, siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə yol açdı, yeni siyasi mənzərənin təşəkkülünə imkan yaratdı.

Qeyd etmək lazımdır ki, Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən sürətli inkişaf, hərb sahəsində qazandığımız tarixi Qələbə ölkədaxili siyasi qüvvələrin həyatında kəmiyyət göstəricilərinin keyfiyyət göstəriciləri ilə əvəz olunmasını şərtləndirən əsas amillərdir. Beləliklə siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyaların fəaliyyətində məsuliyətlilik və hesabatlılıq prinsiplərini ön plana çıxarmış oldu.

Yuxarıda qeyd etdiyimiz kimi son illərdə ictimai həyatımızın bütün sahələrində baş verən dəyişikliklər, xalqın sosial rifah halının yüksəlməsi istiqamətində həyata keçirilən məqsədyönlü sosial tədbirlər, torpaqlarımızın işğaldan azad olunması xalqla iqtidar arasında yaranmış monolit ideoloji birlik artıq reallığa çevrilmişdir. Məhz xalqla-iqtidar birliyi ölkədə ideoloji birliyin yaranmasını zəruri etrdi.

Bu baxımdan öz siyasi proqramlarında qarşıya qoyduqları başlıca məqsədlərinə çatmış 6 siyasi partiyanın iqtidar partiyasına qoşulması tarixi zərurətdən doğan, alqışa layiq bir hadisə olmaqla biz sıravi vətəndaşlar tərəfindən təqdir edilir. İnanırıq ki, bu hələ son deyil. Azərbaycanin gələcək inkişafı ölkəmizdə fəaliyyət göstərən bir çox siyasi partiyaların öz siyasi proqramlarında qarşıya qoyduqları əsas məqsədlərə çatmasını təmin edəcək, onlar da Yeni Azərbaycan Partiyasının sıralarında yer alacaq və ya siyasi səhnədən uzaqlaşacaqlar.

Sonda həmvətənlərə müraciət edərək: -"Azərbaycanımızın gələcək inkişafına, onun qüdrətinə inamla yaşayın və yaşayaraq inanın” deyirəm.

E.Əliyev adına 297 nömrəli tam orta

məktəbin direktoru Nazir Əliyev

OXŞAR XƏBƏRLƏR