İndoneziyada vulkan püskürdü: Axan lava kəndləri uddu

İndoneziyada vulkan püskürdü: Axan lava kəndləri uddu
DÜNYA
12:18 13.05.2024
156
İndoneziyanın Sumatra adasındakı Marapi vulkanının püskürməsi nəticəsində ölənlərin sayı sürətlə artır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, həftə sonu Sumatra adasındakı Marapi vulkanının püskürməsi ilə kəndləri lava udub və bir çox yaşayış məntəqəsini kül və sel suları basıb.
 
Bildirilib ki, vulkanın püskürməsi nəticəsində yığılan qaya qalası, kül və torpaq musson yağışlarının təsiri ilə yerindən oynayıb və çaylar daşıb.

Qərbi Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 41-ə yüksəlib. Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin sözçüsü Əbdül Muhari selin təxminən 200 evi su altında qoyduğunu və bəzi binalara ciddi ziyan vurduğunu bildirib.

İtkin düşdüyü bildirilən 17 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, əlverişsiz hava şəraitinin işə mane olduğunu qeyd ediblər.

Vulkandan axan soyuq lava təbəqələri sürətlə iki bölgəyə yayılaraq bir çox evə təsir edib. Minlərlə insan ərazidən qaçarkən, hadisə şahidləri iri qayaların bəzi evləri uçurduğunu bildirib.

Ekologiya təşkilatları sürüşmənin bölgədə aparılan mədən əməliyyatları nəticəsində baş verdiyini qeyd edirlər.

Marapi vulkanının ətrafındakı bölgələrdə son vaxtlar bir-birinin ardınca böyük fəlakətlər yaşanır. Dekabrda vulkan püskürməsi nəticəsində 23 alpinist həyatını itirib, sel suları evləri udub.

Ötən ay vulkan püskürməsindən sonra bölgədən 11 mindən çox insan təxliyə edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR