"İngilis bayrağı" kimi mövqeyini dəyişən siyasətçilər - Onlar kimlərdir?

"İngilis bayrağı" kimi mövqeyini dəyişən siyasətçilər - Onlar kimlərdir?
SİYASƏT
13:04 20.11.2018
12295
Bəziləri üçün siyasət yalnız şəxsi maraqlarını həyata keçirmək üçün vasitədir. Məhz elə bu səbəbdəndir ki, təcrübədə dəfələrlə siyasi mövqeyinə dönük çıxanların olmasına şahidlik etmişik. Vaxtilə iqtidar daxilində böyük imkanlar qazanan, özləri üçün cah-cəlal yaradan elə insanlar oldu ki, xırda maraqları təmin olunmayan kimi, müxalifət düşərgəsinə üz tutdular.

AZXEBER.COM bu yazıda siyasi mövqeyində dönüklük edən, bir zamanlar "qılıncının dalı-qabağı kəsən”, hakimiyyətin ünvanına bircə mənfi söz söyləməyib, səlahiyyətlərini itirən anda radikal müxalifətə qoşulan şəxslərlə bağlı araşdırma aparıb.

Hazırda özünü "siyasi lider” kimi təqdim edən və ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev vaxtilə bu hakimiyyətin alovlu təbliğatçılarından olub. 1993-1996-cı illərdə Milli Məclisə rəhbərlik edən Rəsul Quliyev bundan öncə Baş nazirin müavini və Baki Neftayırma zavodunun direktoru olub. Bu zavoda rəhrərlik edərkən çoxsaylı korrupsiya faktlarına yol verdiyi heç kimə sirr deyil. Məşhur "Rəsul yeyib-yedizdirən adam idi” termini də onun rüşvətxor keçmişindən qalan xatirədir. 
 

 


Vəzifədən azad edildikdən sonra ABŞ-a sığınan R.Quliyev az keçmir ki, iqtidarın ünvanına kəskin ittihamlar səsləndirməyə başlayır. Az sonra Azərbaycan Demokrat Partiyasına həmsədr, sonra sədr gətirilir və prezidentlik iddiasını ortaya qoyur. 2005-ci ildə Bakıya gələcəyi anonsunu versə də, cəsarəti yalnız Kievə qədər gəlməyə kifayət edir. Bundan sonra "siyasi intiharı” ilə barışan Rəsul Quliyev ara-sıra iqtidarın ünvanına fikirlər səsləndirsə də, yanında barmaqla sayılacaq qədər adam saxlaya bilməyib.

Bir zamanlar müxalifətin topa tutduğu, mitinqləri dağıtmaqda, müxalifətçiləri döydürməkdə ittiham etdiyi "Quska” ləqəbli Hüseyn Abdullayev də siyasi riyakarlıq edən müxalifətçilər arasında yer alır. Az qala bütün məmurları özünün vəzifəyə gətirdiyini deyən H.Abdullayev Milli Məclisdə büdcə müzakirələri zamanı "qəhrəmanlıq” etməyə çalışır. Deputat həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa olan H.Abdullayev ardınca həbs olunur. 
 

 


Qısamüddətli həbsdən sonra Avropaya mühacirət edir. Burada onun bütün "siması” açılır. Avropada oturub sadə vətəndaşları etiraza səsləyir, vaxtilə ona etimad göstərən şəxsləri təhqir edir. Hətta bir qədər də irəli gedərək, insanları cəsarətli olmağa çağırır. Özü Avropada gizlənən birinin cəsarətdən danışmağa hansı mənəvi haqqı var sualı qalsın bir yana, Türkiyədə həbs olunub Baklıya gətirilən kimi, yenidən öz qınına çəkilir. 

Azərbaycan cəmiyyətinin "qiyamçı səfir” olaraq tanıdığı Arif Məmmədovun hara işlədiyini bilmək, hansı qüvvələrin sifarişi ilə fəaliyyət göstərdiyini müəyyən etmək üçün siyasi baxımdan savadlı olmağa gərək yoxdur. Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyən A.Məmmədov günlərin birində öz feysbuk profilində müxalifət mətbuatının "şok" adlandırdığı, əslində isə artıq hər kəsin gözlədiyi bir müraciət yayır. Bu müraciətdə keçmiş səfir radikal müxalifətin xəyanətkar simaları ilə bir yerdə olduğunu rəsmən təsdiqləyir.
 

 


Xəyanəti mənəvi dəyər ölçüsünə çevirmiş keçmiş səfirin bu açıqlaması müxalif düşərgədə əməlli-başlı "ruh yüksəkliyi” yaradır. "Yəqin səfir belə bir açıqlama verirsə, demək iqtidarın vəziyyəti doğrudan da pisdir” kimi siyasi savadsızlıqdan doğan fikrin daşıyıcıları elə güman edir ki, bunun arxasında ciddi səbəblər dayanır. Daha başa düşmürlər ki, onu bu addımı atmağa təhrik edənlər əsl niyyəti Azərbaycana təzyiq edərək, maddi maraqlarını həyata keçirməkdir.

"Oyan” adlı qurum yaradıb, "qum saatı” kimi "sərhədsiz xəyalları” ilə çoxlarının gülüş hədəfinə çevrilən Nahid Cəfərov da siyasi mövqeyini dəyişənlər arasındadır. Azərbaycanın Niderlanddakı səfirliyinin konsulu vəzifəsini icra edən N.Cəfərov "youtube” kanalında yerləşdirdiyi videolarla özündən "qəhrəman” obrazı yaratmağa çalışır. "Siyasi fəaliyyətini” "youtube”də izləyici sayı artırmaqda görən keçmiş diplomat eyni zamanda radikal müxalifət liderlərini də hədəfə alır. 
 

 


"Kim bizə inanırsa, o bizim üzvümüzdür” deyən Nahid Cəfərov yavaş-yavaş öz "üzvlərini” itirməyə çalışır. Az keçmir ki, onun "toruna düşən” insanlar başa düşür ki, Nahid Cəfərovun "vətənpərvərliyi” qrant sevdasından o tərəfə keçmir. Diplomatik keyfiyyətləri yaxşı əzx etdiyini düşənən sabiq diplomat bəzilərindən "pul mənbəyi” kimi uzun müddət istifadə edəcəyini düşünsə də, bu dəfə də arzusu gözündə qalır. Son dövrlər müxalif düşərgənin özündə ona qarşı ittihamların olması, bütün bunların fonunda geri çəkilməsi N.Cəfərovun xəyanətkar mahiyyətinin faş olmasından xəbər verir.

27 yaşında deputat olan "Milli Şura”nın "primadonnası” Gültəkin Hacıbəyli mandat daşıdığı dövrlərdə nəinki iqtidarın əleyhinə bircə cümlə işlətmir, hətta hökuməti tənqid edənləri aşağılamaqdan belə çəkinmirdi. Parlamentdə olduğu müddətdə xanım həmkarları arasında intriqalar yaratmaqda ustad olan G.Hacıbəylinin iddiaları aşıb-daşır və özünü daha böyük zirvələrdə görür. Hətta bu xam xəyallar o qədər dərinləşir ki, deputat seçilməyəndən dərhal sonra siyasi riyakarlığa başlayır.
 

 


Bir zamanlar bir-birinə düşmən kəsilənlər bu dəfə "bacı-qardaş”a çevrilirlər və özlüyündə "Bacı-qardaş hakimiyyəti”nin "yol xəritəsini” də cızırlar. G.Hacıbəyli "Ziyalılar Forumu”nda təmsil olunub, yenicə müxalifətə keçəndə tədbirlərdən birində Əli Kərimli ilə qarşılaşır. Bir-biri ilə mehriban salamlaşan cütlük jurnalistlərin onlara yaxınlaşdığını görür. Özünü itirən və "bütün körpüləri” yandırmağa cəsarəti çatmayan G.Hacıbəyli "Əli bəy görüşərik” deyib, tələm-tələsik oradan uzaqlaşır. 

Siyahını uzatmaq da olar. Bir mandata görə, təmsil olduğu partiyanı, yəni AXCP-ni satıb parlamentə gedən Cəmil Həsənlinin, AXCP daxilində nifaq yaradıb, özü və dostları üçün "mandat bazarlığı”na gedən Əli Kərimlinin, ölkə səhiyyəsini "it gününə qoyan”, jurnalistə "konkret rədd ol burdan” deyəcək mənəviyyata sahib Əli İnsanovun və digərlərinin hesabına siyahını artırmaq da olar. Lakin reallıq ondan ibarətdir ki, siyasi riyakarlar hər zaman olub və olacaq. Əsas odur ki, cəmiyyətimiz ayıqdır və belə dönüklərin toruna düşəcək qədər sadəlövh deyil.

// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR