Çingiz Abdullayevin "Prezident ovu" romanı Azərbaycan dilində

MƏDƏNİYYƏT
16:03 04.07.2012
2103
"Qanun" nəşriyyatı detektiv yazarı Çingiz Abdullayevin "Prezident ovu" romanını Azərbaycan dilində nəşr edib. Mahir N. Qarayevin rus dilindən çevirdiyi romanda baş qəhrəman Dronqo öz rəhbərliyindən son dərəcə çətin bir tapşırıq alır: sızan məlumatlara görə, Latın Amerikasında fəaliyyət göstərən cinayətkar təşkilat şərti «X günü» adlı dəhşətli bir aksiya hazırlamaqdadır. Lakin təşkilatın konkret harda yerləşdiyi və aksiyanın nə məqsəd güddüyü, onun haçan və hansı ölkədə həyata keçiriləcəyi dəqiq bilinmir. Bu səbəbdən də Dronqo İnterpolun məxfi agentlərinin müşayiəti altında Riçard Saunders adıyla fəaliyyətə başlamalı olur. Riçard Saundersə müxtəlif ölkələrdə çalışmaq və təşki­latın izinə düşüb planlaşdırılan aksiyanın qarşısını almaq lazım gəlir. İlk baxışda nə qədər ağlasığmaz görünsə də, yüksək peşəkarlığa malik olan Dronqo bu çətin vəzifəni mə­harətlə yerinə yetirir. Təbii ki, bu asan başa gəlmir. Prezident ovuna çıxan və qanlı caynaqları hər yerə çatan narkomafiya öz niyyətini yerinə yetirmək məqsədilə Dronqonun ölümünə hökm verir... "Qanun" nəşriyyatı məşhur alman psixoanalitiki Erich Fromm-un "Sevmək sənəti" kitabını da Azərbaycan dilində nəşr edib. Erich Fromm XX əsrin görkəmli mütəfəkkiri, “Psixologi­yadan filosofluğa” gəlmiş böyük koqortanın üzvlərindən biri və Frankfurt sosioloji məktəbinin lideridir. Erich Frommun əsərləri hər zaman aktualdır, çünki tədqiqatlarının əsas mövzusu insan şəxsiyyətinin səmərəli realizasiya olunmasıdır.

OXŞAR XƏBƏRLƏR