Xəbər verdiyimiz kimi, AZXEBER.COM olaraq “İşdən kənar” adlı rublikamıza start vermişik. Biz tanınmışların işlərindən kənar hansı fəaliyyətlərinin, bacarıqlarının olduqlarını rubrikamızda aşkara çıxarırıq. Hər həftə bir məşhuru sorğu-suala tutaraq maraqlı cavablar almağa çalışırıq. Növbəti qonağımız, gənclərin sevimlisi, gitarist-müğənni Çingiz Mustafayev oldu. Gənc olmasına baxmayaraq, fərqli musiqi tərzi ilə bir çoxlarının könlünü oxşayan Çingizin sən demə başqa bacarıqları da varmış. Hansı ki, özü demiş, “Barmağım qırılsa, ac qalmaram”. Çingizin bu kimi maraqlı cavablarını müsahibəmizdə oxucularımıza təqdim edirik. - 23 yaşı olmasına baxmayaraq artıq 8 ildir səhnədə olan Çingizin bu illər ərzində həyatında nələr dəyişib? - Tam səmimi desəm, heç nə. Çünki mən istədiklərim başqa şeylərdir. Mən istədiklərim dünyanın böyük səhnələrini fəth etmək, başqa ölkələrdə tanınmaqdır. Xarici ölkələrdə çox çıxışlarım olub. Ancaq hələ ki, bu cür adi yaşayırıq (gülür). - Çingiz Mustafayev həyatında nəyi dəyişmək istəyərdi? - Xasiyyətimi dəyişmək istəyərdim. Çünki, ağlımdan çox, ürəyimin səsini dinləyirəm. - Hal-hazırda Çingiz bu sənətdə arzusunda olduğu pillədədirmi? - Xeyr. Arzusunda olduğum pilləyə də çətin yüksələrəm. Çünki, bütün bunlar pul tələb edir. Doğrudur, istedad da gərəkdir. Ancaq bu hər şey demək deyil. Sən bununla bir nöqtəyə qədər gedə bilərsən. Bundan sonrasına isə artıq pul lazımdır. - Bu sənətə yeni gəldiyin zamanlar həmkarın İntizarla aranızda xoşagəlməz münaqişələr yaranmışdı. Münasibət nə yerdədir? - Yaxşıdır. Ötən gün məclislərin birində qarşılaşdıq və görüşdük. Sənətinə hörmətim olan bir insandır. İnsan kimi necə bir xarakterə malikdir deyə bilmərəm, anaq gözəl ifaçıdır. Bir sözlə, gitarada mənim bacardığımı o, onun da bacardığını mən bacarmıram. - Sözləri və musiqisi sənə aid olan mahnıların bir o qədər də sevilmir. Buna səbəb nədir? - Burda problem insanlardadır. Mənim istədiyim dinləyicilər əsasən xarici ölkədə yaşayırlar. Azərbaycanda bunun sadəcə 10%-i var. - O zaman Çingiz nə üçün sənətini xarici ölkədə davam etdirmir? - Çünki ölkəmə çox bağlıyam. Ailəm burdadır. Mən karyeramı öz ölkəmdə qurmuşam. Kifayət qədər tanınıram. Bununla yanaşı, getmək üçün çoxlu pul lazımdır. O da yoxdur (gülür). - Çingiz Mustafayev pərəstişkarları ilə nə üçün görüşmür? - Bizim ölkədə pərəstişkar anlayışı bir az başqa cürdür. Sevənlərim var, mən də onları çox istəyirəm. Ancaq bu pərəstişkar demək deyil. Xarici ölkələrə nəzər salsaq, pərəstişkar nə deməkdir? Bax onda görərik. Biz yalnız kiminsə haqqında danışmağı sevirik. Paxıllıq çəkməyi sevirik. Başqasının həyatını müzakirə etməyə meylliyik. - Bu həyatda Çingizi nə narahat edir? - Hər zaman qorxduğum bir şey var idi. O da, “5 manat çörək pulumuz var, yaşayırıq da” demək. Ancaq zaman keçdikcə, görürəm ki, artıq mən istəmədən belə bunu edirəm. Halbuki mən nə xəyallar qurmuşdum. Hansısa bir məkanda çıxış edirsən, birisi telefonla danışa-danışa yanında ötərək “bir az yavaş oxu” deyir. Bu cür şeylər də insanı həvəsdən salır. - Digər həmkarlarından fərqli olaraq çox vaxt canlı ifaya üstünlük verməyinə səbəb nədir? - Yola verməyi xoşlamıram. Canlı ifanı sevirəm. - Yeni ifaların sosial şəbəkərlərdə paylaşıldıqda mahnıdan çox xarici görkəmin müzakirə olunur. Buna səbəb nədir? - Həmin insanlara yazığım gəlir. İnsanı məhv edən paxıllıq hissidir. - Sosial şəbəkələrdəki hesablarını kim idarə edir? - Demək olar ki, yalnız “instagram”da özüm oluram. - Çingiz Mustafayev “İşdən kənar” nə ilə məşğuldur. Hansı fəaliyyətləri var? - Rəsm çəkirəm, velosiped sürürəm, konfu ilə məşğul oluram, fotoaparatla şəkil çəkməyi, film çəkməyi sevirəm. - Bütün bunlar xobbi olaraq çox deyilmi? Hansına daha çox vaxt ayırırsan? - Velosiped sürməyə. Ancaq tam səmimi olaraq deyə bilərəm ki, əgər mənim barmağıma və ya səsimə nəsə olsa, bu xobbilərimdən birini seçib peşəkar olaraq məşğul ola bilərəm.Ozal İbrahimli Foto Hüseyn Mehdiyev














