“Bu kimi dezinformasiyalar hələ bir neçə gün bundan öncə Avropa Parlamentində də müzakirəyə çıxarılıb”.
Bu sözləri SİA-ya Milli Məclisin deputatı, Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə ABŞ prezidenti Barak Obamanın “Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir” fikrinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, ilk növbədə, QHT-lər Azərbaycanda normal fəaliyyət göstərir: “Cənab Obamaya da çatdırılan bu dezinformasiyalar həqiqəti əks etdirməyən ölkəmizdəki müxalifətyönlü QHT-lər vasitəsilə ötürülən informasiyalardır. O QHT-lər ki, cəmiyyətimiz, qanunlarımız, yoxlayıcı orqanlarımız və s. üçün açıqdır hesab edirəm ki, Azərbaycanda onlar üçün hər bir şərait yaradılıb.
Mənim özüm də QHT-lərdən birinin rəhbəriyəm. Amma bəzi QHT-lər var ki, onlara edilmiş dəyişiklər həmin şəxslərin özlərinə sərf etmədi. Bu mənada mən çox istərdim ki, bəzi dövlət başçıları, xüsusilə Barak Obama kimi şəxsin köməkçiləri qanunların, həqiqətin nə demək olduğunu onlara çatdırardılar. Çox təəssüf edirəm ki, bu cür yalan informasiyalar ayaq tutur və yeriyir”.