İnqilabın ünvanı – prezident sarayı

İnqilabın ünvanı – prezident sarayı
SİYASƏT
18:05 01.03.2019
6880
 Aygün Muradxanlı
 
Azərbaycanda bəlli bir təbəqənin narazılığına  əsas səbəb uzun illərdir sosial problemlərin öz həllini tapmaması olub. Bu təbəqəyə aid insanlar illərlə sosial qayğılarını nizamlaya, səsini hökumətə eşitdirə bilməyib, sonda sosial tələbləri siyasi xarakter almağa başlayıb. Kiçik əmək haqqını, pensiyasını, müavinətini əjdaha kimi udan, normal maaşlı iş yeri tapa bilməyən vətəndaşın hökumətdan narazı olmasından, dəyişiklik istəməsindən doğal nə ola bilər?

Söhbət kadr dəyişikliyindən getmir. Azərbaycanda vətəndaşların çoxunun heç eyninə deyil ki, Şahin Mustafayev hansı nazirliyin rəhbəridir, Sahil Babayev nə işə baxır, ya Ceyhun Bayramov hökumətdə hansı portfeli daşıyır. Onları yalnız bir məsələ düşündürür - daşımaqda çətinlik çəkdikləri sosial problemləri necə çözməli? İnsanlar şəxslərin deyil, dövlətin onlara münasibətinin dəyişməsini gözləyirdilər.

Elə buna görə də son iki ayda hökumətin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlik addımları sanki cəmiyyəti ayıltdı, gözlər hakimiyyətə dikildi, ümidlər doğrulmağa başladı. Prezident İlham Əliyevin imzaladığı sosial yüklü sərəncamlarla sosial narazılıqlara siyasi çalar gətirən faktorları çox asanlıqla aradan qaldırıldı, əhalinin ən çox müdafiəyə ehtiyacı olan aztəminatlı təbəqəsində hökumətə rəğbət yaratdı.

Ötən gün hərbi qulluqçuların və ehtiyatda olan zabitlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında prezident sərəncamının sosial şəbəkədəki müzakirəsini izləmək imkanım oldu. Əsasən hərbçilərin toplandığı Facebook qrupunda yüksək ovqatlı söhbət gedirdi. Yazışmadakılar ölkəmizin ərazi bütövlüyünün keçiyində duran şəxslərə dövlət qayğısının artırılmasını çoxdan gözlədiyini bildirir, prezident İlham Əliyevin onların aid olduğu təbəqəyə xüsusi diqqətindən məmnunluqla ilə danışırdılar.

Şəhid ailələri, qazilər, bütünlükdə hərbi qulluqçular inkişaf etmiş toplumların göz bəbəyidir. Çünki ölkənin sabitliyi və rifahı onların vətənə sədaqətlə xidmət etməsindən birbaşa asılıdır. Azərbaycan kimi savaş durumunda olan ölkələr üçün isə hərbilərə qayğı cəmiyyət üçün şərəf məsələsidir. Bu haqda danışarkən qardaş Türkiyəni misal çəkməyi çox sevirik, tibbi sığortadan, mənzil təminatına, hərbçilərin yalnız özlərinə deyil ailə üzvlərinə aid problemləri dövlətin üstlənməsinə qədər hər bir detal haqqında xüsusi sayğı ilə danışırıq. Atılan addımlar onu göstərir ki, Azərbaycan da bu yoldadır. Hər il hərbçi ailələrinə yüzlərlə mənzil, avtomobil paylanır, dövlət onların müalicəsini üzərinə götürür, övladlarına xüsusi imtiyazlar verirlir.

Bütün bunların Azərbaycan üçün çox vacib olan vətənpərvərlik ruhunun yüksəldilməsinə böyük təkan verəcəyinə şübhə yoxdur. Həm hərbçilərə, həm də digər sosial qruplara dövlət qayğısının artırılmasına birbaşa prezident İlham Əliyevin rəhbərlik etməsi isə ümidləri daha da artırır.

2019-cu ilin ilk günlərindən dövlət başçısı xalq arasında təmasların artmasının bu məsələdəki rolu danılmazdır. Hökumət-vətəndaş təmasları çoxaldıqca ölkədə sanki inqilabi dəyişikliklər baş verir və bu inqilabın rəhbəri kimi prezident İlham Əliyev çıxış edir. Görünən odur ki, indiyə qədər vətəndaşların umub-küsdüyü hökumət komandasını necə işləmək dərsini şəxsən prezident keçəcək.

Bir neçə gündür ölkədə problemli kreditlərin bağışlanacağı haqqında söhbətlər dolaşırdı. Qlobal iqtisadi böhranla Azərbaycan manatının dəyər itirməsindən sonra bu, gerçəkdən də ölkə vətəndaşlarının çoxu üçünü çözümü mümkünsüz problemə çevrilib. Onminlərlə insan hökumətdən məsələnin bir şəkildə yoluna qoyulmasını gözləyirdi. 

Prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi son müşavirədə bildirmişdi ki, uzun müddətdir problemli kreditlər məsələsinin üzərində işlənir və artıq proses yekunlaşmaq üzrədir. Cəmi 3 gün sonra - ötən gün bu haqda fərman imzalandı. Bu qərarın ölkədə necə böyük sevinc yaratdığı haqda əlavə şərhə gərək yoxdur, məncə. Vurğulamaq gərəkən bir məsələ var - dövlət başçısı vətəndaşa verdiyi sözün arxasındadır. Dedisə, edəcək. İlham Əliyev bu fərmanla bütün gözləntiləri aşdı, hökumətin vətəndaşa diqqətsizliyi ilə bağlı söz-söhbətlər aradan qalxdı və sosial problemlərin kökünə elə bir balta çaldı ki, müxalifət düşərgəsi bundan sonra 'Məhsul'`' stadionuna toplaşmaq üçün çətin sosial bəhanə tapa.

Azərbaycan neft ölkəsidir. Milli gəlirlərin düzgün bölüşdürülməsi, korrupsiya və rüşvət hallarına qarşı gerçək mübarizə, gömrük, vergi, ən əsası da məhkəmə sisteminin qanun və ədalət prinsipinə geridönüşsüz təslim edilməsi ilə ölkədə olduqca sağlam bir mühit yaratmaq olar. Vətəndaş bu inqilabı prezident sarayından gözləyir. İnqilab rəhbəri bu yolda xalqına rahatlıqla arxalana bilər. El gücü, sel gücü. Bu işə qarşı gələn nə içəridəki, nə dışarıdakı çör-çöplərin selə davam gətirməsi mümkün deyil. Yolumuz açıq olsun!

OXŞAR XƏBƏRLƏR