Xəbər verdiyimiz kimi, Mirşahin Ağayev “Hesabat” verilişində Gənclər və İdman naziri Azad Rəhimovu tənqid edib. Telejurnalistin fikirləri ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Millət vəkili Ceyhun Osmanlı şəxsi "facebook" səhifəsində məsələyə münasibət bildirib. O deyib ki, yaxşı olardı ki, ANS gənclərlə bağlı debatlar təşkil etsin:
"Arzu edərdim ki, Mirşahin ANS kanalının efirində Azərbaycanda gənclər siyasətinə həsr olunan debat və ya müzakirələr silsiləsi təşkil edərdi. Biz də ora dəvət ediləydik və açıq debatda, canlı yayımda fikirlərimizi bildirərdik. Hər zaman ANS-də gənclərlə bağlı verilişlər olmasını arzu etmişəm. Çünki gənclər siyasəti geniş müzakirələr tələb edən mövzudur".Deputat daha sonra əlavə edib:"Çünki heç bir halda bir şəxs və ya qurum gənclər siyasətinə cavab vermir, əksinə bu sahəyə fərqli aktorlar cavabdehdir və bir gəncin inkişafı dövründə həmin gənc təhsil, sosial qayğılar, səhiyyə, asudə vaxt, hərbi xidmət, iş, cəmiyyətdə iştirak və başqa çox sayda istiqamətlər olmaqla fərqli qurumların dəstəyinə ehtiyac duyur. Millət vəkili sonda qeyd edib ki, ANS telekanalından və Mirşahindən hər zaman qərəzsizlik və obyektivlik gözləyir: "Bu baxımdan yanaşanda Mirşahinin gənclər siyasəti ilə bağlı son reportajına baxanda mənə elə gəldi ki, bu onun fikirləri deyil və sadəcə verilişin prodüserinin hazırladığı materialı tələm-tələsik oxumalı olub. İnsanlarımız Mirşahindən hər zaman dəqiq, qərəzsiz, obyektiv təhlil gözləyir. Ona görə də bu mövzuya bir daha müraciət ediləcəyinə ümid edirəm. Şəxsən mən hər zaman ANS-də təşkil edilən debatlarda iştirak etməyə hazıram!"