"İnsanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz" – Elmar Məmmədyarov

SİYASƏT
10:52 18.12.2014
1041
"Dəhşətli heç nə ola bilməz".
“Ermənistan bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan edib”.
AZXEBER.COM-un məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V Görüşündə deyib.
O, qeyd edib ki, iyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
“Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Bizim təşəbbüsümüzlə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri nə də YUNESKO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirməyib”, - nazir deyib.
E.Məmmədyarovun sözlərinə görə, dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz.
“Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”, - nazir əlavə edib.
OXŞAR XƏBƏRLƏR