Bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək “Neftçi” – “İnter” oyununa UEFA-nın rəsmi saytı da geniş yer ayırıb.
Qol.Az-ın məlumatına görə, oyundan əvvəl saytın əməkdaşları “Neftçi”nin müdafiəçisi Mahir Şükürovdan müsahibə alıblar. Müsahibə UEFA-nın saytının Avropa Liqası bölməsində əsas yazı kimi yerləşdirilib.
Mahir Şükürov müsahibədə bugünkü oyuna qələbə üçün çıxacaqlarını bildirib. O, “İnter”in ulduz futbolçularına qarşı oynamaqdan çəkinmədiklərini deyib: “Bizim artıq beynəlxalq oyun təcrübəmiz böyükdür. Məsələn, şəxsən mən özüm bu yaxınlarda milli komandanın tərkibində Ronaldoya qarşı çıxış etmişəm. Mən onu zərərsizləşdirə bildimmi? Məgər, bu, mümkün olan şeydir? Ronaldo və Messi dünyanın ən yaxşı futbolçularıdır. Amma əlimdən gələn hər şeyi etməyə çalışdım. “Neftçi”nin öz ölkələrinin milli komandasının üzvü olan legionerlərinin də beynəlxalq oyun təcrübəsi çoxdur. Deyirlər ki, “İnter” əsas heyətlə oynamayacaq. Amma hər halda, meydana çıxan həvəskarlar olmayacaq”.
M.Şükürov bildirib ki, “Neftçi” qələbə qazanmaq üçün əlindən gələni edəcək: “Bütün komanda məhz qələbəyə köklənib”.