İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya edilib.
Bu barədə AZXEBER.COM-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir sıra şəxslərlə əlbir olaraq xuliqanlıq edərək (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi) ağır xəsarətlər yetirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı İsgəndərov Fərhad Bəhruz oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunaraq həbs edilib.
BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunmuş, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Fərhad İsgəndərov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən BƏƏ-dən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.