Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.
Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib. O bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:
"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".
N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm" yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik".