Son illər Azərbaycanda boşanma halları artmaqdadır. Lakin bu artımın tək səbəbi ər-arvad arasında yola getməmək deyil. Məlum olur ki, bir çox insanlar müxtəlif sosial, hüquqi və iqtisadi problemləri həll etmək üçün "süni boşanma” yoluna üz tuturlar.
AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev açıqlama verib. O bildirir ki, ictimaiyyətin çoxu boşanmaları ailə münaqişəsi ilə əlaqələndirsə də, əslində, bəzi hallarda bu, planlı və məqsədli şəkildə edilir: "Elə bilirsiniz ki, boşananların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olur? Xeyir. Şahidi olduğum bəzi boşanmaları sizlərin də diqqətinizə çatdırım.
İpoteka krediti ilə ev alan zaman əmək haqqından ailə üzvlərinin adambaşına yaşam xərci çıxıldıqda ümumi məbləğ az olduğuna görə kreditin ayrılmaması səbəbindən çox hallarda süni boşanma edirlər. Bu zaman qarşı tərəf heç bir aliment tələbi etmədən uşaqları özündə saxlayır və ər rahat şəkildə ipoteka krediti ilə ev alır. Daha sonra isə barışırlar. Evləri sökülən şəxslər tikinti şirkətlərindən əlavə ev almaq üçün süni boşanma edib evi ikiyə bölərək iki çıxarış əldə edirlər. Söküntü zamanı isə hər ikisi evlə təmin olunurlar. Borclu olan şəxslər həmin borcun əmlaka yönəlməməsi üçün süni boşanma edərək ər evi arvadın adına keçirir və evin borc əvəzinə müsadirə edilməsinin qarşısını alır.
Dövlətdən sosial müavinət almaq üçün saysız-hesabsız boşananlar da var. Və buna bənzər çox sayda problemlərin həlli üçün əksər insanlar çıxış yolunu boşanmalarda görürlər. Təbii ki, əksər hallarda bu tip boşanmalar problemlərin həlli üçün effektiv olur”.
Ekspertin sözlərinə görə, bu tip hallar hüquqi baxımdan rəsmi boşanma sayı kimi qeydə alınsa da, sosial baxımdan ailə institutuna təsiri daha fərqlidir və bu, statistik mənzərəni də təhrif edir.