İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"

İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
SOSİAL
13:50 21.08.2025
282
"Qida zəhərlənməsi bütün dünya ölkələrində mövcuddur, ən inkişaf etmiş ölkələr də, Azərbaycan da bundan geri qalmır. Əgər biz Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi statistikasına baxsaq, Azərbaycanda ümumdünya göstəricisində zəhərlənmə 1400 dəfə azdır. Bu, yalancı statistikadır və bunu düzəldən adamlar bundan həzz alırlar".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov ötən gün Şəmkirdə kütləvi şəkildə dönərdən zəhərlənmə halının baş verməsinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, Azərbaycandakı zəhərlənmə statistikasını yalandan yazan adamlar bundan həzz alır, əksinə bu statistika dünyakı rəqəmlərə tam uyğundur:
 
"Məşhur iqtisadçı Adam Smitin yaxşı misalı var, deyir mən üç yalan tanıyıram, yalan, ağ yalan, bir də statistika. Görünür, Azərbaycanda bu statistika baxıb, həzz alırlar, deyirlər, bizdə zəhərlənmə yoxdur. Lakin əslində belə deyil, elə mətbuatdan oxuduğumuz zəhərlənmə hallarına baxsaq, görərək ki, dünya statistikasına uyğundur. Bütün bunların birinci dərəcəli kökü ondan ibarətdir ki, Azərbaycanda istehlakçı hüquqları məsələsi bərbad vəziyyətdədir. Təsadüfi deyir ki, bu il martın 3-də Milli Məclisdə Ombudsmanın 101 səhifəlik illik hesabatı dinlənildi, mən də oradaydım və bir dəfə də olsun istehlakçı sözü işlənmədi. İstehlakçı hüququna insan hüquqlarının tərkib hissəsi kimi baxılmır. Təəssüflər olsun, elə həmin günlərdə 15 nəfər spirtli içki içib ölmüşdü, mən bunu da Milli Məclisdə səsləndirdim. İstehlakçı hüquqlarının məsələsi haqqında qanun 1995-ci ildə qəbul olunduğundan bəri dəyişdirilmir. Baxmayaraq ki, ölkə prezidentinin fərmanı ilə illər boyu İqtisadiyyat Nazirliyinin tərkibində olan Antihisar və Bazar Nəzarət Dövlət xidməti bu ilin fevralından prezident yanında Antihisar və Bazar Nəzarət Dövlət Agentliyinə çevrildi və köhnə komanda da yenə də qanunun dəyişdirilməsi üçün heç bir iş görmürdü. Üstəlik, Qida Təhlükəsizliyi Agentliyinin apardığı iş zəruri olsa da kafi deyil. Yəni gedirlər, yoxlayırlar və elə bir sənəd qoymurlar ki, istehlakçı gəlib o sənədi soruşanda bilsin ki, agentlik bura nəzarət edir. Heç kəs deyə bilməz ki, dönərxanaların divarında asılan o kağızlar orada bişən dönərə aiddir, yoxsa yox. Bir yerdən rəsmi sənəd alırlar və ondan sonra öz bildiklərini edirlər".
 
İqtisadçı qeyd edib ki, dönərdən zəhərlənmə nadir hallarda ətdən olur, daha çox ona qatılan ketçup və mayonezdən yaranır:

"Təsadüfi deyil ki, bir neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi regionlardan at, eşşək ətinin, murdar olunan heyvan ətlərinin Bakıya daşınmasını ifşa etdi, Leş Tofiq adlı bir nəfər də həbs edildi. Əfsuslar olsun ki, bu qurum bu işləri ardıcıl aparmadı. Bu sahədə ən mükəmməli işi həmin qurum görür. Düşünürəm ki, həmin quruma geniş səlahiyyətlər verilməlidir, onlar daha fəal iş aparmalıdırlar. Dönərlərdən zəhərlənmənin ətdən baş verdiyi çox az hallarda olur. Düzdür, toyuq əti tez çirkələnən ətdir, bundan ola bilər, lakin zəhərləhmə halına gələndə, xüsusən mal əti pis qoxu verir, göyərir, ona yaxın durmaq olmur. Buradakı digər komponentlər də var, mayonezlər, ketçuplar və s. Bunların zəhərlənmələrdə rolu var. Ayrıca, dönər bu gündən sabaha qaldı, onu hansı şəraitdə saxlayırsan saxla, artıq o çiylənmiş olacaq. Elə bir iş aparmaq lazımdır ki, bu gündən sabaha qalan dönərlər yenidən istehlaka yarasız kimi qiymətləndirilsin və atılsın".
 
E. Hüseynov əlavə edib ki, AQTA-nın əl-qolu açılmalı və cəld yoxlama mexanizminə keçilməlidir:

"Bir sözlə, Qida Təhlükəsizliyi Agentliyi elə bir iş aparmalıdır ki, istehlakçı yaxınlaşanda orada bir sənəd görsün. Sertifikat anlayışı yox, bir şey yox, istehlakçı nədən bilsin ki, hansı dönərxanaya Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir? Agentliyin əl-qolu açılmalıdır, onların cəld yoxlama mexanizmi yoxdur, yoxlamaq gedəndə gərək xəbərdarlıq etsinlər və s. Bu məsələlər həll olunmalıdır, onlar cəld yoxlama mexanizminə malik olmalıdır. Nə qədər ki, bu məsələlər həll olunmayıb, zəhərlənmələr də davam edəcək".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR