- Sizi Azərbaycan teleməkanında ANS TV-nin "Ölümdən 24 saat əvvəl" verilişi ilə tanıdıq. Özünüz barədə oxucularımızı məlumatlandırardınız ...
- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Hazırda Bakı Dövlət Universitetində dərs deyirəm. Elmi işimi müdafiə etməyə hazırlaşıram. İlk növbədə onu deməliyəm ki, mən jurnalistikaya çox gec gəlmişəm. Cəmi 5 ildir ki, jurnalistika fəaliyyətinə başlamışam. Artıq 30 yaşım var. Ancaq hələ yeni-yeni tanınıram. Jurnalist kimi ilk olaraq bir müddət “Ədalət” qəzetində yaradıcılıq fəaliyyətinə başlamışam. Sonra Səhiyyə Nazirliyinin orqanı olan “Şəfqət” qəzetində işləmişəm. Sonradan AzTV və İctimai Televiziyada çalışmışam. Ardınca isə gəldim çıxdım ANS-ə. Artıq iki ildir ki, ANS-də çalışıram. Etiraf edim ki, mən əvvəllər təəssüf edirdim ki, mənim yaşıdlarım, tələbə yoldaşlarım universitet vaxtından işləməyə başlayıblar. Mən isə tez ailə həyatı qurmuşdum. Həyat yoldaşım qısqanclıq üzündən məni işləməyə qoymurdu.
Ancaq jurnalistikada nisbətən az müddətdə olmağıma baxmayaraq, həmişə özümü təkmilləşdirməyə çalışmışam. Həm savad baxımından, həm də nitq üslubu baxımından öz üzərimdə çox işləmişəm. Bəlkə buna görə AzTV-yə minnətdar olmalıyam. Çünki bizə orada nitq mədəniyyəti ilə bağlı xüsusi dərslər keçdilər. Mənə həmişə deyirdilər ki, sənin nitqin yaxşıdır.
Bundan başqa, bir oğlum var. Bu il Allah qoysa, yeddi yaşı tamam olacaq. Adı Yunisdir.
- “Ölümdən 24 saat əvvəl” necə doğuldu?
- Mən ilk olaraq iş üçün ANS-ə müraciət edəndə Mirşahin müəllim mənə bildirdi ki, bizdə “Son nəfəs” adlı veriliş var. Mirşahin müəllim dedi ki, onu artıq bağlamaq istəyir. Beləliklə, məni göndərdi o vaxtki baş redaktor Afaq Vasifqızının yanına. Afaq xanım məndən ilk növbədə soyadımı soruşdu. O, mənim imzamı tanıdı. Dedi ki, yazılarını oxuyuram, sən bizim parametrlərə uyğunsan və bu verilişi apara bilərsən. Mən çox sevinirdim ki, məhz Mirşahin müəllim mənə qiymət verərək işə götürüb. Axı mən jurnalistikaya məhz ona görə gəlmişəm.
"Son nəfəs" verilişi mənə həvalə edəndə bu veriliş heç məşhur deyildi. Maraqlı idi, sevilirdi, ancaq portret veriliş formatından kənara çıxmırdı. Artıq AzTV və İctimai televiziyada buna bənzər portret verilişlər var idi. Mən onların cərgəsinə qoşulmaq istəmədim. Mirşahin müəllim o zaman mənə söylədi ki, səndən iki şey istəyirəm – maraqlılıq və baxımlılıq. Tamaşı kimi fikirləşməyə çalışdım. Tamaşaçıya sənətkarın həyatının hansı tərəflərinin maraqlı olmasını tapmağa çalışdım. İlk verilişim mərhum müğənnimiz Səxavət Məmmədov haqqında oldu. Əvvəlcə müəyyənləşdirdim ki, mənim üçün Səxavət Məmmədov haqqında hansı məqamlar maraqlıdır? Sonradan məlum oldu ki, bu insanın həyatında ikinci bir qadın olub. Onun haqqında bilinməyən faktlar əldə etdim. İlk verilişim bomba kimi partladı. İkinci veriliş isə Elçin Cəfərova həsr olundu. Bu verilişə görə, Elçin Cəfərovun ailəsi mənə etiraz etdi. Mən verilişdə onun narkotik maddə aludəçisi olduğunu və həddindən artıq doza ilə narkotik maddə qəbul etdiyi üçün vəfat etdiyini bildirmişdim. Mənim hazırladığım verilişlər “Son nəfəs”in buraxılışlarından fərqli olaraq böyük reytinq verdi.
- Mərhumlar haqqında araşdırma aparmaq yəqin ki, asan iş deyil?
- Qeyd etmək istəyirəm ki, ilk olaraq verilişi tək hazırlayırdım. Özüm həm aparıcılıq, ssenari müəllifliyi, prodüsserlik və hətta rejissorluq edirdim. Sonra xahiş edəndən sonra mənə rejissor ayırdılar. İkinci ildən isə mənə böyük imkanlar yaratdılar. Rəhbərliyə mənə yaxşı işçi qrupu ayırdığı üçün təşəkkür etmək istəyirəm. İndi “Ölümdən 24 saat əvvəl” verilişinin rejissoru Yeganə Əbdülməmmədova, prodüsseri Vüqar İsayevdir. Onlar mənə çox böyük yardım edirlər. Mən əvvəlki kimi gərginliklə işləmirəm.
“Ölümdən 24 saat əvvəl” ilk növbədə araşdırma verilişdir. Bu cür verilişləri ayda iki dəfədən artıq ərsəyə gətirmək mümkün deyil. Araşdırıb faktları ortaya çıxaranadək vaxt gedir. Onu da sizə deyim ki, "Ölümdən 24 saat əvvəl" verilişinin bəzi buraxılışlarını hazırlanmasında Allahın böyük rolu olub. Siz təsəvvür edin ki, elə oturduğum yedə mənə faktlar gəlib.
Qeyd edim ki, bu veriliş bir həftənin məhsulu deyil. Kaş verilişin çəkilişlərini qıraqdan izləyən olaydı. İş prosesi çox ağırdır. Misal üçün onu deyim ki, Çingiz Mustafayevə aid “Ölümdən 24 saat əvvəl”in buraxılışını çəkəndə Mirşahin müəllim mənə bildirdi ki, o hadisədə bir ukraynalı pilot var idi. O, pilot Çingiz Mustafayevi görmüşdü. O, mənə dedi ki, kaş o, pilot indi burda olaydı. Siz inanmazsınız mən səhər tezdən qrim otağında idim. Mirşahin müəllim mənə dedi ki, İradə sən bilirsənmi ki həmin pilot gəlib indi Bakıdadır? O pilot bir günlüyə ölkəmizə səfərə gəlmişdi. Mən şokda idim. Həmin pilotun tam təsadüfən çəkiliş günündə Bakıya gəlməsi heyrətamiz hadisə idi. Başqa bir misal gətirim. Mirmövsüm ağa haqqında veriliş hazırlamaq istəyirdim. Ailəsi etiraz etdi ki, onun haqda çox danışılıb və daha bir veriliş hazırlamağa ehtiyac yoxdur. Sonra söhbət əsnasında təsadüfən soruşdular ki, bu veriliş ayın neçəsi efirdə olacaq. Mən dedim ayın 18-i. Mirmövsüm ağanın ailə üzvləri çox təəccübləndilər. Çünki ayın 17-i Mirmövsüm ağanın ölüm günü idi. Digər bir maraqlı məqam ondan ibarətdir ki, müğənni Şəfa haqqında çəkdiyimiz veriliş tam təsadüfən onun ölüm günü ilə eyni tarixdə efirə gedib.
-Belə təsadüflər çox olub deyəsən.
- Bu cür hallar kifayət qədər tez-tez olub. Rəcəb Musayevə həsr etdiyimiz “Ölümdən 24 saat əvvəl” təsadüfən onun “40”ı günü efirə getdi. Ən maraqlı məqam isə milli qəhrəmanımız Mübariz İbrahimovun adı ilə bağlıdır. Mənim oktyabr ayında çəkdiyim veriliş tam təsadüfən noyabrın 4-də efirə getdi. Səhəri gün isə elan etdilər ki, Mübariz İbrahimovla Fərid Əhmədovun meyitləri qaytarılır. Mən verilişin sonunda belə bir ifadə işlətmişdim ki, Vətənin sağlığına Mübariz İbrahimovun tabutunu qaldıraq. Bir gündən sonra biz onun tabutunu qaldırdıq. Bu mənim üçün şəxsən çox böyük bir hadisə idi. Bu hadisədə mən xeyli ağlamışdım. İlk növbədə Mübariz İbrahimovun atasına zəng vuraraq oğlunun meyitinin qaytarılması xəbərini verdim. Verilişi hazırlayarkən Mübarizin atası mənə demişdi ki, sən ANS-də işləyirsən onun meyitinin qaytarılması xəbərini birinci sən mənə xəbər verərsən. Mən ona zəng vuraraq ağlaya-ağlaya bu xəbəri verdim.
-“Ölümdən 24 saatın əvvəl”in qəhrəmanlarını nəyin əsasında müəyyənləşdirirsiniz?
- Tamaşaçıların fikri bizim üçün önəmlidir. Mən hər ilin əvvəlində veriliş hazırlayacağım insanların xüsusi siyahısını hazırlayaraq rəhbərliklə razılaşdırıram. Əgər tamaşaçı "mən efirdə dünən rəhmətə getmiş şəxsi görmək istəyirəm", mən buna "yox" deyə bilmərəm. İctimai tələbata qarşı getmək məncə düzgün olmazdı.
Verilişlə bağlı mənə çoxlu elektron məktublar gəlir. Bunu nəzərə almamaq mümkün deyil. Misal üçün bildirim ki, mən müğənni Şəfa ilə bağlı veriliş hazırlamaq istəmirdim. Ümumiyyətlə, sağlığında bu müğənnini dinləməmişəm. Şəfa ilə bağlı veriliş hazırlamağım xahişi ilə mənə çoxlu məktublar daxil oldu. Sən demə, Şəfa çox sevilirmiş. Bəlkə də bu ona görədir ki, bu xanım gənc rəhmətə gedib. İnsanlar gənc rəhmətə getmiş insanın həyatı ilə maraqlanırlar.
Məşədibaba haqqında veriliş hazırlamışam. Mən özüm meyxanadan uzaq bir insanam. Ümumiyyətlə, meyxana dinləmirəm. Bu sənətçi ilə bağlı o qədər məktub göndərmişdilər ki, fikirləşdim ki, mütləq veriliş hazırlamaq lazımdır. İnsanların istəyini nəzərə almaq lazımdır. Biz ilk növbədə cəmiyyət üçün işləyirik.
- Hər hansı məşhur şəxsin yaxınları sizə müsahibə verməkdən imtina edib?
- Bəli belə hallar olub. Mən konkret adlar çəkə bilərəm ki, hansı şəxslərin ailələri bizi yaxına buraxmırlar. Məsələn, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin keçmiş rəhbəri Nizami Bəhmənovun ailəsi və böyük aktyorlarımız Həsən Məmmədov və Səməndər Rzayevin ailəsinə yaxın düşmək olmur. Onlar öyrəşiblər ki, bu insanlar haqqında ancaq tərif eşitsinlər. İnsanlar isə artıq aldanmırlar. Onlar pərdəli məlumatlar deyil, həqiqəti bilmək istəyirlər. Ancaq heç bir tamaşaçı deyə bilməz ki, mənim verilişimdən sonra hər hansı insana nifrət edib. Mən Nizami Rəmzi, Ağasəlim Çıldağdan veriliş hazırlamışam. Onların həyatlarının pis tərəflərini də işıqlandırmışam, yaxşı tərəflərini də. Bəzən elə olub ki, hər hansı verilişi hazırlayanda həmin adamın yaxınları mənə bildiriblər ki, əslində bu insanın həyatı belədir, ancaq verilişdə bu haqda danışma. Mən bu cür olanda verilişi efirə vermirəm. İndi belə verilişlərin adını çəkməsəm də belə halların da olduğunu deyə bilərəm.
-“Ölümdən 24 saat əvvəl” verilişinin çəkiliş prosesində yaddaqalan məqamlar, xüsusi hallar olubmu?
- Mən onu deyim ki, mənim bütün verilişlərimin çəkiliş prosesi mənim üçün yaddaqalandır. Verilişin çəkiliş prosesində o qədər yaddaqalan hadisələr olur ki, saymaqla qurtarmaz. Mən Cənubi Azərbaycana gedərək ustad şair Şəhriyar haqqında veriliş hazırlayanda çox əziyyət çəkmişdim. Üç nəfər danışdırmışdım, onları danışmağa razı salmaq üçün 8 gün yalvarmışdım. Təsəvvür edirsiniz? Məni buradan 6 günlük göndərmişdilər. Sonradan daha 2 gün də icazə aldım. İranda hər bir çəkilişə görə icazə alırdım. Mən Şəhriyarın oğluna demişdim ki, axı siz atanızdan danışırsınız, atanızdan danışmaq üçün kimdənsə nəyə görə icazə almalısınız? Şəhriyarın doğma kəndinə səyahətim xüsusən yaddaqalan olub. Xoşginab əfsanəvi bir kənddir. Bu kənd sanki nağıllarda təsvir olunan məkanlara bənzəyir. Çox qəşəng görüntülər alınmışdı. Bu faktı da çox istəyərəm ki, deyim. Verilişlərin birindən sonra mənə bir qadın zəng etdi. 19 il əvvəl nişanlı olduğu Elşən Süleymanov adlı sonradan itkin sayılan oğlan haqda məlumatı mənim verilişimdə eşitmişdi. Verilişdə əsir Fərhad Fərhadov bildirmişdi ki, yanımda bir oğlan var idi, yanımda güllə ilə vurdular. Elşən Süleymanovla həmin qadın o vaxt nişanlı olublar. Həmin qadın verilişdə bu faktı eşidib mənə zəng vurmuşdu. O, ağlaya-ağlaya mənimlə danışırdı. Həmin qadın 17 il ailə qurmayaraq nişanlısının yolunu gözləmişdi. O, qadın məndən Fərhadın telefon nömrəsini götürdü ki, onunla əlaqə saxlayıb nişanlısının necə ölməsini öyrənsin. Sonradan onlar görüşdülər. Qadın Elşən Süleymanovun şəklini Fərhada göstərib. Fərhad isə dərhal onu tanıyıb. Fərhad qadına bildirmişdi ki, Elşəni yanımda snayperlə alnından vurmuşdular. Beləliklə, verilişdə bir itki də tapıldı.
-Gələcəkdə tamaşaçılar sizdən yeniliklər gözləsinlərmi?
- İndiki zamanda televiziyada yenilik etmək çox çətindir. Yeni layihə hazırlamaq çox çətindir. Demək olar ki, bütün verilişlərin xarici kanallarda prototipi var. Müəllif kimi mənim özümün çox ideyalarım, fikirlərim, layihələrim var. Ancaq mənim ideyalarım insanlarda maraq doğurmalı, televiziya termini ilə desək, reytinq verməlidir. Reytinq verməyən layihənin yaxşı layihə olmadığını düşünmürəm. Reytinq verməyən verilişlər arxiv üçün lazım ola bilər. Mən özüm yeniliyə meylli bir insanam. Qız bürcündən olduğum üçün yenilikləri sevirəm. Hər şey mənim əziyyətimdən və tamaşaçıların rəğbətindən asılı olacaq. Hər şeyi gələcək göstərər.
/// ANSPRESS