“İran artıq növbəti dəfə Azərbaycana xəyanət etdi” - AÇIQLAMA

“İran artıq növbəti dəfə Azərbaycana xəyanət etdi” - AÇIQLAMA
SİYASƏT
13:11 05.03.2026
466
"Azərbaycana qarşı belə təxribat xarakterli addımlar atılmamalıdır".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. 

O bildirib ki, bu hadisə təəssüf doğurur:

"İranın zərbə endirməli olduğu tərəflər ona hücum edən Amerika Birləşmiş Ştatları və İsraildir. Bunlardan başqa heç bir dövlətə, o cümlədən Azərbaycana qarşı belə təxribat xarakterli addımlar atılmamalıdır. Bu məsələyə Azərbaycan ictimaiyyətindən əvvəl Güney azərbaycanlılar öz etiraz və hiddətlərini bildirməlidirlər. Çünki İranın Azərbaycan ərazisinə qarşı belə bir təxribat törətməsi Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı da yönəlmiş addım kimi qiymətləndirilməlidir”.

Ekspert söyləyib ki, İran mövcud olduqca bu cür təxribatlar davam edəcək:

"Artıq vəziyyətin "bıçaq sümüyə dirəndiyi” mərhələyə çatdığını düşünürəm. Bu baxımdan, Güney Azərbaycanın gələcəyi və müstəqilliyi məsələsi ilə bağlı addımların atılmalıdır. Çünki İran mövcud olduqca bu cür təxribatlar davam edəcək. 
Azərbaycan dövləti və onun rəhbərliyi indiyədək əlindən gələni edib ki, İran mövcud böhrandan mümkün qədər tez çıxa bilsin. Lakin gördüyümüz kimi, bəzi addımlar Azərbaycanı münaqişəyə cəlb etməyə yönəlib. Belə bir vəziyyətdə biz də adekvat davranmaq məcburiyyətindəyik”.

O bildirib ki, İranln bu addımı nankorluqdur:

"Bu nankorluq və nadanlıqdır. Düşmənə gücü çatmayıb, öz dostuna və qonşusuna arxa çevirməkdir. Buna uyğun cavab verilməlidir. Azərbaycan cəmiyyəti və dövləti müharibə istəmir. Bununla belə, özümüzü müdafiə etmək hüququnu da özümüzdə saxlayırıq. Əgər İran əlavə bir müharibə cəbhəsi açmaq istəyirsə, bu, çox böyük səhv olar. Azərbaycan İranın düşməni olmayıb və olmaq niyyətində də deyil. Bizim İran ərazilərini işğal etmək, yaxud İsrail və Amerika Birləşmiş Ştatları ilə birlikdə həmin müharibədə iştirak etmək kimi bir planımız və niyyətimiz olmayıb, indi də yoxdur. Bir həqiqəti də yadda saxlamalıyıq ki, İran artıq növbəti dəfə Azərbaycana xəyanət etdi”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR