“İran Azərbaycanla xoş münasibətləri bərpa etməlidir” - Deputat

“İran Azərbaycanla xoş münasibətləri bərpa etməlidir” - Deputat
SİYASƏT
15:19 25.11.2022
299
"İranla Azərbaycanın münasibətlərinin qədim tarixi olsa da, zamanla cənub qonşumuz ölkəmizə qarşı müəyyən təxribat xarakterli çıxışlarla aqressiya nümayiş etdirib. Lakin İranın Azərbaycanla uzun müddətli düşmən mövqedə qalmağı da mümkün olmayıb”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

Deputat qeyd edib ki, bu gün ayrı-ayrı dövlətlər tərəfindən İrana münasibət bəllidir: 

"Azərbaycanın qələbəsinin bölgədə regionun coğrafi xəritəsinin dəyişə biləcəyinə dair qənaət İranı qane etmirdi. Çünki Zəngəzur dəhlizi faktiki olaraq İranın Ermənistanla quru yolla əlaqələrinə maneədir. 

Azərbaycanın uğurlarına dözüm göstərilməyəcəyi yönündə ardıcıl və qətiyyətli bəyanatlar İranın rəsmiləri tərəfindən məhz 44 günlük müharibənin sonlarından etibarən özünü büruzə verirdi. Ermənistanın ərazi bütövlüyünün qorunmasını İranın qırmızı xətti adlandırsalar da, Azərbaycan 44 günlük müharibədə faktiki olaraq onların hesab etdiyi bu qırmızı xətti dəyişdi, çünki bu, beynəlxalq hüquq idi. Yəni o qırmızı xətt dedikləri Ermənistanın sərhədləri deyildi, Azərbaycanın 30 il əvvəl işğal olunmuş əzəli torpaqları idi”.  

Deputat bildirib ki, İran Azərbaycana qarşı aqressiyasını dayandırıb:

"Mən düşünürəm ki, bir müddət münasibətlərdə durğunluq yaransa da, İran Azərbaycana qarşı aqressiyasını dayandıracaq, daha doğrusu dayandırıb. Bundan sonra, məncə, İran müharibə və post müharibə dövründəki aqressiyasını tamamilə unutmalı, qonşusu olan Azərbaycanla xoş münasibətləri bərpa etməlidir. Yəni İran və Azərbaycan arasında qarşıdurma olması real deyil, bu sadəcə İranın regionda güclənməkdə olan Azərbaycandan ehtiyat etməsi, xüsusilə, Türkiyənin Qafqazda nüfuzunun artmasından irəli gələn narahatlığının ifadəsi idi. Bu gərginliyi Azərbaycan deyil, İran başlatmışdı, sözügedən dövlətin də cəhdləri ilə aradan qaldırıldı”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR