İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, 2015-ci il nüvə sazişinin Avropa tərəfləri BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiqinin tətik mexanizmini (snapback) münaqişəyə bərabər hesab edəcəklər və buna cavab verəcəklər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Bekayi Tehranda Xarici İşlər Nazirliyinin binasında keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib.
Böyük Britaniya, Fransa və Almaniyanın nüvə sazişində İrana qarşı BMT-nin sanksiyalarını yenidən tətbiq edəcək sözdə "snapback" maddəsinə müraciət etmə təhdidini şərh edən Bekayi, "Nüvə anlaşmasının Avropa tərəfləri öz öhdəliklərini yerinə yetirsəydilər, biz belə hallarla qarşılaşmazdıq və İranın onun müqaviləsi çərçivəsində öhdəliklərini azaltmaq haqqı olmazdı" dedi.
Bekayi bəyan edib ki, İran hələ də özünü sazişin üzvü hesab edir və öhdəliklərinin azaldılması ABŞ və digər tərəflərin sazişi açıq-aşkar pozmasına cavabdır. O əlavə edib ki, Avropa tərəfləri özləri də razılaşmanı ciddi şəkildə pozublar və öhdəliklərini yerinə yetirə bilməyiblər.
Bekayi, tətik mexanizminin işə salınmasının İrana qarşı siyasi gediş və münaqişəyə bərabər olduğunu bildirərək, Tehranın lazımi cavab verəcəyini bildirib. O, əlavə edib: "Avropalılar tətik mexanizmini işə salmaqla İranın nüvə məsələsi ilə bağlı davam edən diplomatiyada özləri üçün heç bir rol görmədiklərini bəyan edirlər”.
İran sözçüsü qeyd edib ki, ABŞ-la nüvə danışıqlarının bərpası üçün hələlik heç bir vaxt və ya yer müəyyən edilməyib.
Bekayi həmçinin Almaniya və Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) nüvə silahlarının yayılmaması öhdəlikləri ilə bağlı ikili standartlar tətbiq etdikləri və İsrailin hərbi hücumlarını dəstəklədiyi iddiası ilə tənqid edib.
Gülay