“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa

“İran cavab verməsə, nəticəsi ağır olacaq" - Fazil Mustafa
SİYASƏT
14:07 05.03.2026
786
"Molla rejimi kimi idarə olunan ölkələrdə insan həyatı ilə bağlı məsuliyyət hissi zəif olur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

O bildirib ki, İran qonşu dövlətləri müharibəyə sürükləyir:

"Bu məsələ mütləq aydınlaşdırılmalıdır. İranda hazırda başıpozuq bir vəziyyət mövcuddur. Demək olar ki, mərkəzləşmiş idarəetmə sistemi sıradan çıxıb. Tehranın ABŞ və İsrail qüvvələri tərəfindən vurulması, mühüm dövlət obyektlərinin məhv edilməsi artıq ölkənin haradan və necə idarə olunduğunu dəqiq söyləməyə imkan vermir.
Amma bütün hallarda bu hadisənin məqsədyönlü şəkildə həyata keçirildiyi ehtimalı böyükdür. Çünki sanki qonşu dövlətləri də münaqişə alovuna çəkmək xətti izlənilir”.

Parlamentari qeyd edib ki, molla rejimi kimi idarə olunan ölkələrdə insan həyatı ilə bağlı məsuliyyət hissi zəif olur:

"İran son anda vəziyyəti dəyişmək imkanı olsa belə, özlərinin məhvi bahasına fanatik dindarlıq nümayiş etdirərək bölgəni də məhvə və xaosa sürükləmək niyyətində olduqlarını göstərirlər. Bu düşüncə tərzi ilə, molla rejimi tərəfindən idarə olunan dövlətlərin aqibəti adətən belə olur. Belə rejimlərdə insan həyatı ilə bağlı məsuliyyət hissi zəif olur. İnsanı ideologiyaya qurban verməyə hazır olan bir düşüncə bütün bölgəni də alova sürükləməyə meylli görünür”.

Deputat deyib ki, İrandan gələcək cavabları gözləməliyik:

"Eyni vaxtda bütün ərəb ölkələrinə qarşı belə addımların atılması, Türkiyəyə raketlərin yönəldilməsi və ardınca Naxçıvana dronların istiqamətləndirilməsi heç bir halda təsadüfi prosesə bənzəmir. Ona görə də biz bu istiqamətdə, müttəfiqlərimizlə məsləhətləşərək addımlar atmalıyıq. İlk növbədə İrandan gələcək cavabları gözləməliyik. Çünki bunun izahı verilməli və bu addımın hansı məqsədlə atıldığı aydınlaşdırılmalıdır. Ondan sonra isə atacağımız addımlar daha dəqiq müəyyənləşəcək. İran bu məsələyə düzgün açıqlama verməsə, bu hadisənin nəticələri ağır olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR