İran Hörmüz körfəzində ABŞ təyyarə gəmisini aşkarladı

MARAQLI
12:25 30.12.2011
1374

İran gəminin video görüntülərini və şəkillərini çəkib

İranın kəşfiyyat təyyarəsi İran Körfəzi yaxınlığında ABŞ-a məxsus təyyarə gəmisi aşkarlayıb. İranın İRNA xəbər agentliyinin verdiyi məlumata görə, kəşfiyyat təyyarəsi gəminin video görüntülərini və şəkillərini çəkib. Məlumatın təfərrüatları açıqlanmasa da, İran Dəniz Qüvvələrinin rəhbəri Admiral Həbibullah Səyyari İRİB kanalına verdiyi müsahibəsində bildirib ki, İran kəşfiyyatının bu cür məlumat əldə etməsi onun ayıq-sayıq olmasından və xarici qüvvələri daim nəzarət altında saxlamasından xəbər verir. Onun sözlərinə görə, CVN-74 adlı təyyarə gəmisi Hörmüz boğazından çıxmağa çalışarkən İranın kəşfiyyat təyyarəsi onu izləməyə başlayıb və onun görüntülərini çəkib. "İranın Dəniz Qüvvələri Hörmüz boğazında hərbi təlimlər apardığı bir vaxtda təlim bölgəsinə heç bir gəmi girə bilməz" - deyə Səyyari sözlərini ifadə edib. Səyyari onu da əlavə edib ki, boğaza giriş-çıxışı bağlamaq İranın dəniz qüvvələri üçün asan məsələdir. Qeyd edək ki, ABŞ İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı hədələrindən sonra İrana xəbərdarlıq etmiş və yeni sanksiyaların tədbiq ediləcəyini açıqlamışdı. Bir gün öncə isə İran ona qarşı sanksiyaların tətbiqi davam etdirilərsə, Hörmüz boğazını bağlayacağını bildirmişdi. Həmçinin, qeyd edək ki, İranın Dəniz Qüvvələri Hörmüz boğazında son günlərdə hərbi təlimlərə başlayıb. Lakin bölgədə İran körfəzinə nəzarət edən ABŞ-ın 5-ci donanması da fəaldır. Donanmanın sözçüsü leytenant Rebeka Rebariç bildirib ki, sabiq senator Con Stennisin adına olan CVN-74 təyyarə gəmisi Dubayın Cəbəl Əli limanına baş çəkdikdən sonra Hörmüz boğazı vasitəsilə geri qayıdıb. Onun sözlərinə görə, gəminin buraya gəlməsində məqsəd Əfqanıstandakı ABŞ qüvvələrinə havadan dəstək göndərmək olub. İran kəşfiyyat təyyarəsinin CVN-74 gəmisinin şəkillərini çəkməsi məsələsinə gəlincə isə, Rebariç bildirib ki, İran Dəniz Qüvvələri ilə bu cür hallar dəniz nəqliyyatı standartları çərçivəsində tez-tez baş verir. Hörmüz boğazından hər gün 15.5 milyon barel neft nəql olunur ki, bu da dünyanın dəniz yolu ilə ixrac olunan neft hasilatının 1/6 hissəsini təşkil edir.

OXŞAR XƏBƏRLƏR