İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH

İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH
SİYASƏT
18:00 14.06.2025
595
Xəbər verdiyimiz kimi, iki gündür İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.

İki ölkə arasında baş verən gərginliyi şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli qarşıdurmanın qısa sarsıntıya səbəb olacağını deyib:

"İsrailin İrana qarşı quru əməliyyat keçirməsi indiki regional və texniki reallıqlar fonunda praktiki olaraq mümkün deyil. Bu cür zərbələr qısa müddətli sarsıntıya səbəb olsa da, kütləvi miqrasiyaya yol açan genişmiqyaslı dağıntılara səbəb olmur”.

Millət vəkili həmçinin qeyd edib ki, nüvə obyektlərinə qarşı hücumlar, sistemli miqrant axınına səbəb olmaq potensialına malik deyil:
 
"Havadan həyata keçirilən hədəfli zərbələr, istər nüvə obyektlərinə, istərsə də xüsusi şəxslərə qarşı yönəlsin, onların lokal təsiri olur və bu cür zərbələr qısa müddətli sarsıntıya səbəb olsa da, kütləvi miqrasiyaya yol açan genişmiqyaslı dağıntılara səbəb olmur. İran ərazisində baş verə biləcək lokal hava zərbələri, məsələn Natanz və Fordo kimi nüvə obyektlərinə qarşı hücumlar, sistemli miqrant axınına səbəb olmaq potensialına malik deyil. Bu cür hücumlar məhdud coğrafiyada təsir göstərir.

Hava zərbələri intensiv hal alarsa siyasi xaos yarana bilər: 

"Fərz edək ki, hava zərbələri intensiv xarakter alır və İranda daxili siyasi xaos yaranır – bu halda miqrasiya riski lokal deyil, siyasi səbəblərlə müşayiət oluna bilər. Yəni təhlükə, hücumun özündən deyil, onun yaratdığı sistem böhranından doğa bilər. 
Bu baxımdan,miqrasiya təhlükəsi yalnız nadir hallarda və fərziyyə səviyyəsində reallaşa bilər və bu, dövlətin idarəetmə gücündən, beynəlxalq reaksiyalardan və İranın daxili sabitliyindən asılı olacaq. Radiasiya riski isə texniki olaraq realdır, amma məhdud və monitorinq altında idarə oluna biləcək xarakter daşıyır".
 
Yaşanan gərginliklə bağlı AZXEBER.COM-a danışan siyasi şərhçi Mübariz Göyüşlü baş verənlərin gözlənilən olduğunu bildirib:

"Bu hücum gözlənilirdi. İllərdir ki, İran-İsrail ilə çox gərgin münasibətlərdə idilər. Biz yaxın aylarda iki ölkənin qarşılıqlı raket hücumlarının da şahidi olmuşduq. İran və İsrail birbaşa quru sərhədləri olmayan iki ölkədir. Bəlkə də quru sərhədləri olsaydı, bu mübarizə quru qoşunlarının müharibəsinə qədər gedib çıxardı. Dünən baş verən hadisə də gözlənilən idi. Çünki ABŞ-də Trump hakimiyyətə gəldikdən sonra onun İsrailə açıq dəstəyi daha güclü idi. İrana qarşı çox ciddi təzyiqlər hələ müşahidə olunurdu. İsrail də üslubunu sərtləşdirmişdir. Hətta Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Gross də açıqlama vermişdi ki, İranda nüvə proqramı ilə bağlı narahatlıqların mövcud olduğunu açıqlamalarında dilə gətirmişdi. Bu, təbii ki, artıq İsrailə əlavə hərəkətlənmələr üçün şərait yaratmışdı


Politoloq deyib ki, İrana sarsıdıcı zərbələr vurulub: 

"İrana çox ciddi hava zərbələri endirilib. İranın da buna cavabı olacaq. Amma bu cavab İsrailin endirdiyi zərbələr qədər effektiv olacaqmı, bax bu inandırıcı deyil. Çünki əvvəllər də bu tip hadisələr baş verən zaman İranın zərbələri İsrailin zərbələri qədər dəqiq və təsiredici olmayıb. İsrailin bundan əvvəlki zərbələri də o qədər təsiredici olmayıb, ancaq bu dəfə tam əksinə çox sarsıdıcı zərbələr endirilib".

Şərhçi bildirib ki, münaqişə müharibə mərhələsinə qədər gəlib çıxsa dünyanı ciddi fəlakətlər gözləyir:

"BMT başda olmaqla aparıcı dövlətlər və təşkilatlar bu mövzuda barışdırıcı mövqedən çıxış etməyə çalışmalı, xüsusən, ABŞ Trump administrasiyası və bölgənin növbəti bir gərgin, müharibəli, problemli məhrələdən keçməsinə çalışmalıdır. Əgər çox ciddi şəkildə müharibə mərhələsinə qədəm qoyulsa proseslər, Yaxın Şərqi və dünyanı ciddi fəlakətlər, kataklizmlərin içərisində görə bilərik".

İran İsraili müharibəsi başlasa, Azərbaycana necə təsir edəcək? sualına cavab verən siyasi şərhçi bu halın arzuolunmaz və təhlükəli olduğunu bildirib:
 
"Bu çox təhlükəli və arzuolunmaz bir ssenaridir. İran bizimlə geniş sərhəddə malik olan qonşu dövlətdir. İsrail-İran münaqişəsi çox qaynar fazaya keçərsə bunun Azərbaycana da müəyyən təsiretmə ehtimalı var. Ancaq bu zaman Azərbaycan üçün daha təhlükəli məsələlər ortaya çıxa bilərmi, xeyir. Azərbaycan öz sərhəddini də, təhlükəsizliyini qormaq gücünə malik olan Cənubi Qafqazın ən güclü dövlətidir. Bu mənada əhalinin çox təşvişə düşməsinə ehtiyac yoxdur. Ancaq ümumən götürsək müharibənin fazası genişlənərsə problemlərin ola bilmə ehtimalı var. Azərbaycan bu vəziyyətdən çıxacaq gücdədir".
 

Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası,region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" 

mövzusunda dərc edilib.

 

 

 

 



OXŞAR XƏBƏRLƏR