İran yenidən etirazlarla üz-üzə: Venesuela ssenarisi təkrarlana bilərmi?

İran yenidən etirazlarla üz-üzə: Venesuela ssenarisi təkrarlana bilərmi?
SİYASƏT
17:08 05.01.2026
139
Son günlər İranda etiraz aksiyaları səngimir. Sosial-iqtisadi problemlər və digər səbəblər fonunda keçirilən aksiyalar zamanı ölən və yaralananların olduğu bildirilir. Hadisələr ölkədə gərginliyi daha da artırır.

ABŞ-nin prezidenti Donald Tramp da İranda baş verən etirazlarla bağlı açıqlama verib. O bildirib ki, əgər etirazçılara qarşı ciddi zorakılıq halları baş verərsə, ABŞ buna cavab verəcək və etirazçılara dəstək göstərəcək.

Siyasi şərhçi Asif Nərimanlı AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, İranda baş verən etirazların əsas səbəbi dərin sosial-iqtisadi problemlərdir:

"İranda baş verən etirazların əsas motivi ölkədəki ciddi sosial-iqtisadi problemlərdir. Bu, ilk dəfə baş verən hadisə deyil. 2017 və 2019-cu illərdə də oxşar səbəblərlə etiraz aksiyaları keçirilmişdi. 2022-ci ildə hicabla bağlı etirazlar baş versə də, onların kökündə də sosial narazılıq dayanırdı. Bugünkü etirazlar da məhz sosial problemlərdən qaynaqlanır. İran rejimi isə bu narazılıqları fərqli istiqamətlərə yönəltməyə çalışır. Diqqəti xarici düşmən obrazına yönəltməklə real problemlərdən yayındırmaq istəyir. Bu, rejimin uzun illərdir istifadə etdiyi klassik taktikadır və məqsəd daxili narazılığı nəzarətdə saxlamaq, rejimin dayaqlarını möhkəmləndirməkdir. Etirazların "düşmən oyunu” kimi təqdim olunması İran hakimiyyətinin daim istifadə etdiyi strategiyadır və hazırda da eyni yanaşma davam etdirilir”.

Ekspert bildirib ki, ABŞ-nin etirazlara açıq müdaxiləsi İran rejiminin mövqeyini gücləndirə bilər:

"Amerikanın İrandakı etirazlara hər hansı bir birbaşa müdaxiləsi əslində rejimin əlini gücləndirə bilər. Hətta Trampın açıqlaması belə Tehran üçün özünü haqlı göstərmək imkanı yaradır. ABŞ-nin birbaşa müdaxiləsi etirazçıların mövqeyini zəiflədə, rejimin ‘xarici düşmən’ narrativini daha da gücləndirə bilər. Bu baxımdan, Vaşinqtonun mövcud vəziyyəti kənardan izləməsi daha məqsədəuyğundur. ABŞ daha çox informasiya dəstəyi göstərir, İran rejiminin insan hüquqları pozuntularını beynəlxalq platformalarda gündəmə gətirir. Sanksiyalar və diplomatik təzyiqlər vasitəsilə göstərilən dolayı dəstək isə etirazçıların mövqeyini gücləndirə bilər”.

Asif Nərimanlı qarşıdakı dövrdə ABŞ və İsrailin İrana mümkün hərbi müdaxilə ssenarilərinə də toxunub:

"ABŞ və İsrailin İrana hərbi müdaxilə ehtimalı əsasən nüvə proqramı və raket məsələləri ilə bağlıdır. Etiraz aksiyalarına görə birbaşa hərbi müdaxilə gözlənilmir. 12 günlük müharibə dövründə də əsas hədəf İranın raket imkanlarının məhdudlaşdırılması və nüvə proqramının nəzarət altına alınması idi. İran hakimiyyəti isə bundan sonra nüvə proqramını daha da inkişaf etdirməyə və raket potensialını artırmağa çalışacaq. Bu niyyətlərini açıq şəkildə ifadə edirlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR