"İranda bizimkilərə ağrıkəsici yazıb geri göndərirlər, sonra fəsadları çıxanda ..." - DƏHŞƏTLİ DETALLAR

"İranda bizimkilərə ağrıkəsici yazıb geri göndərirlər, sonra fəsadları çıxanda ..." -  DƏHŞƏTLİ DETALLAR
SOSİAL
14:21 08.06.2023
1128
Azərbaycan vətəndaşları bəzən müalicə olunmaq üçün öz ölkəmizdə olan həkimlərə deyil, xarici ölkədə olanları üstün tuturlar.

Türkiyə ilə yanaşı, vətəndaşların ən çox müalicə olunmaq üçün getdiyi ölkələrdən biri də İran İslam Respublikasıdır. Bir müddət öncə ölkəmizdə böyük populyarlıq qazanan İran səhiyyəsi həm ucuzluğuna, həm də müalicənin nəticəsinə görə önəm daşıyırdı. Amma bu ölkədə əməliyyat olunan və müalicə alan pasiyentlərin sonrakı şikayətləri prosesin görünənin əksinə olduğunu deməyə əsas verir.  

"Facebook"da olan qadın qruplarının birində Arzu Əliyeva adlı vətəndaşın yazdığı status İran səhiyyəsi ilə bağlı mövzunu yenidən aktuallaşdırıb. Neçə illərdir ana olmaq üçün etdiyi müalicələrin nəticə vermədiyini və buna görə də İrana üz tutduğunu yazan qadın başına gələn hadisəni nəql edib. Arzu deyir ki, Bakıdakı xəstəxanaların birində ona süni mayalanma təklif olunmuşdu. Lakin həyat yoldaşı bununla razılaşmayıb: "Mənə dedilər ki, yalnız süni mayalanma yolu ilə ana ola bilərəm. Amma yoldaşım bunu istəmədi. Təbrizə getdik, orada bütün müayinələrdən keçdim, müalicə təyin edildi. İki ay müalicə olunandan sonra ürəyim bulandı, qarnım şişməyə başladı. Həkimlə əlaqə saxlayıb vəziyyətimi bildirdim. Dedi ki, artıq hamiləyəm. Yəni bütün əlamətlər bunu göstərirdi”.


Amma A.Əliyevanın sevinci uzun sürməyib. Qarnı sürətlə böyüb, nəfəs alması çətinləşib: "Qadın məsləhətxanasına getdim. Həkim dedi ki, hamilə deyilsən, qarnına su yığılıb. Məni Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərdilər. Orada müayinə olunandan sonra bəlli oldu ki, bağırsaq vərəminə yoluxmuşam. Üstəlik, İranda aldığım müalicədən sonra məndə dərmanlara qarşı allergiya yaranmışdı”.

Həmin qrupda Fizuli rayon sakini Səbinə Eyvazova da zərərçəkənlərdən biri olduğunu qeyd edib. 10 ildir ailə qurduğunu yazan Səbinə deyir ki, anadangəlmə qüsurla doğulduğu üçün, uşaqlığı inkişafdan qalıb: "Ailə qurandan sonra müalicə olacağımı düşünürdüm. Sonuncu dəfə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət etdim. Dedilər ki, uşaqlıq olmadığından süni mayalanma aparmaq da mümkün deyil”.

Gənc qadına yalnız surroqat ana vasitəsilə ana ola biləcəyi deyilir. Azərbaycanda isə surroqat analıq qanunla qadağandır.

"Suda boğulan saman çöpündən yapışar. Mən də "Təbriz Mehr” klinikasının reklamına inandım. 77 manat ödəyib həkimin qəbuluna düşdüm. İranlı həkim Azərbaycanda olunan müayinələrin nəticələrinə etibar etmədiyini dedi. Buna görə də 200 manat ödəyib təkrar müayinələrdən keçdim. Həkim məni İrana dəvət etdi” - Səbinə belə deyir.

Son 6 ayda 14 dəfə Ərdəbilə, 2 dəfə Təbrizin "Alinəsəb”, "Behbud” xəstəxanalarına gedən qadın nəticələrin dəyişmədiyini görüb: "Həkim dedi ki, alınmadı, uşağın olmur, amma surroqat ana tapsan kömək edərik”.

Öz yaxın qohumunu surroqat ana olmağa razı salan S.Eyvazova ona pul, 9 ay problemlərinin həllini və daha nələr vəd edib: "Qadınla İrana getdik. Onun yol xərcini də biz ödədik, müayinələrdən keçirdik. Bütün müayinə və müalicələrdən sonra həkim İranda da surroqat analığın qanunla qadağan olduğunu, bizə gizli köməklik edəcəyini dedi. Buna görə də imtina etdik”.

Səbinənin reklama inamı ona 3500 manata başa gəlib.

Araşdırmalar nəticəsində aydın olur ki, təkcə ginikoloji sahədə deyil, bir çox sahələrdə də İrana üz tutan, amma nəticədə zərər çəkən vətəndaşlarımızın sayı olduqca çoxdur. 

Mövzunu daha geniş araşdırmaq üçün Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovla əlaqə saxladıq.
 

 
AZXEBER.COM-a danışan Rəşid Mahmudov İrana müalicə almaq üçün gedənlərin sağalmadığını, müalicənin müvəqqəti olduğunu bildirib:
 
"İlk onu qeyd edim ki, son 6 ayda İran İslam Respublikasına müalicə üçün gedənlərin sayı kəskin azalıb. Çünki iranlı həkimlərin təyin etdiyi müalicə ancaq bir illik olur.  Müalicə dövründə xəstəyə 6 ay ağrıkəsici qəbul etdirir, daha sonrakı 6 ayda yenidən yanlarına gəlsinlər deyə müayinəyə çağırırlar. Bizim insanımız anlamalıdır ki, ağrıkəsici qəbul etmək müalicə üsulu deyil. Ağrı dayanan kimi elə zənn edirlər ki, sağalırlar. Amma belə müalicə yolverilməzdir. Ümumilikdə ölkəmizdə olan həkimlərin təyin etdiyi müalicə üsulu İranla nisbətdə daha yaxşıdır".

Mövzuya yenidən qayıdacağıq!

Günel Hüseynli
 

OXŞAR XƏBƏRLƏR