İrandakı aksiyaların nəticəsi necə olacaq? - Tarixçi alimdən açıqlama

İrandakı aksiyaların nəticəsi necə olacaq? - Tarixçi alimdən açıqlama
SİYASƏT
17:50 13.01.2026
295
"Bu gün dünyada baş verən proseslər hər kəsi maraqlandırır. Xüsusilə də qonşuluğumuzda yerləşən İranda və onun bir hissəsi olan Güney Azərbaycanda cərəyan edən hadisələri diqqətlə və narahatlıqla izləyirik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz deyib.

O bildirib ki, bu ərazidə 1923-cü ilə qədər müstəqil dövlət mövcud olmayıb:

"Sasani imperatorluğu ərəblərə məğlub olduqdan sonra bu ərazidə 1923-cü ilə qədər müstəqil dövlət mövcud olmayıb. Təxminən X əsrin ikinci yarısından 1925-ci ilə qədər İran ərazisi farslar və ya türklər tərəfindən idarə olunub, yaxud da türklərin yaratdığı dövlətlərin tərkibində olub. 1000 il ərzində onların tarixinə, ədəbiyyatına, folkloruna, yer adlarına qarşı hər hansı qəsd göstərilməyib, sıxışdırma və ya assimilyasiya istiqamətində addımlar atılmayıb. Lakin 1925-ci ildən sonra hakimiyyətə gələn Pəhləvi rejimi tam əks mövqe tutaraq, İranda yaşayan türk toplumunun varlığını inkar etməyə cəhd göstərib. Məhz bu baxımdan XX əsrin əvvəllərində, xüsusilə 1905–1911-ci illərdə, 1908-ci ildən sonra mərkəzin Təbrizə keçməsi ilə İran inqilabı, Səttarxan hərəkatı, Şeyx Məhəmməd Xiyabani və Şəvəri hərəkatı kimi hadisələr daim diqqətlə oxunub, təhlil edilib və "Azərbaycanın yenidən birləşməsi mümkündürmü?” sualı gündəmdə olub. Bölünmüş vətən ideyası hər zaman duyğularımıza hakim kəsilib. Bu baxımdan İranın gələcək taleyinin necə olacağı bizi ciddi şəkildə düşündürür”.

Tarixçi qeyd edib ki, İranı gələcəkdə bir sıra ssenarilər gözləyir:

"Hazırda əlimizdə kifayət qədər ətraflı məlumat olmadığından İranın bütövlükdə parçalanacağı, federallaşacağı və ya sadəcə rejim dəyişikliyinin baş verəcəyi barədə dəqiq fikir söyləmək çətindir. Həm bir vətəndaş kimi, həm də dövlət olaraq bu ehtimalların hər birinə ciddi şəkildə hazırlaşılır. İranda baş verən proseslər həm bir vətəndaş kimi bizə, həm də vətəndaşı olduğumuz dövlətin gələcəyinə ciddi təsir göstərəcək. Hesab edirəm ki, bu proseslər təkcə Azərbaycana deyil, eyni zamanda qonşu Türkiyənin də gələcək taleyinə təsirsiz ötüşməyəcək. Ona görə də həm Azərbaycanın elmi, ictimai-siyasi xadimləri, həm də dövlət qurumları bu məsələlərlə bağlı məsləhətləşmələr aparır və koordinasiyalı şəkildə hərəkət edəcəklər”.

B.Əziz vurğulayıb ki, Güney azərbaycanlıların etirazlarda susqunluğunun da bir sıra səbəbləri var:

"Digər mühim məsələ Güney azərbaycanlıların digər bəzi etnik qruplarla müqayisədə İran dövlətinin parçalanması istiqamətində aktiv addımlar atmaması və ya proseslərdə hələlik müşahidəçi mövqedə çıxış etməsidir. Bunun müxtəlif səbəbləri ola bilər. Azərbaycanlıların bu proseslərdə yaxından iştirak etməsi üçün təşkilatlanma və lider faktorunun mövcudluğu olduqca vacibdir. Məhz bu amillərin çatışmaması onların aktiv iştirakına təsir göstərir.
Bəzi mətbuat səhifələrində İran prezidentinin azərbaycanlı olmasının da bu məsələdə rol oynadığına dair fikirlər səsləndirilir. XX əsrdə baş verən proseslər zamanı azərbaycanlıların bir neçə dəfə həlledici rol oynadıqları və bunun nəticəsində ciddi itkilərə məruz qaldıqları üçün bu gün daha ehtiyatlı davranmaları başa düşüləndir”.

"44 günlük Vətən müharibəsi zamanı Güney Azərbaycandakı soydaşlarımızın Azərbaycan Ordusunun qələbəsini necə böyük sevinclə qarşıladıqları hələ də yaddaşlardadır. Təəssüf ki, İranın bəzi dövlət qurumları Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında olduğu müddətdə dağıdılmış məscidlərin və digər müqəddəs məkanların taleyi ilə bağlı heç vaxt narahatlıq ifadə etməyib, bu məsələləri "qırmızı xətt” elan etməyiblər. Əksinə, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra dağıdılmış məscidləri görməzlikdən gələn bəzi dairələr başqa qüvvələri müdafiə ediblər. Bu faktlar, təbii ki, bizim yaddaşımızdan silinmir. Buna görə də biz İranda yaşayan Azərbaycan xalqının gələcək taleyini İranın müəyyən dövlət xadimlərinin fəaliyyəti ilə eyniləşdirə bilmərik”,-tarixçi vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR