"İranın Naxçıvanın hava limanına və Şəkərabad kəndinə endirdiyi zərbələr ləyaqətsiz, xain hücumun nəticələridir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyib deyib.
O söyləyib ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir fəaliyyətlər həyata keçirilməyib:
"Azərbaycan bu münaqişədə heç bir zaman yer almayıb. Azərbaycan ərazisindən İrana qarşı heç bir fəaliyyətlər həyata keçirilməyib. Buna görə də İranın Azərbaycan ərazisinə-Azərbaycan Naxçıvanın hava limanına və Şəkərabad kəndinə endirdiyi zərbələr ləyaqətsiz, xain hücumun nəticələridir. Azərbaycan tərəfi bu hücuma görə İranın dərhal üzr istəməsi və bu hücumu həyata keçirilən keçirən hərbi qulluqçuların cəzalandırılmasını tələb edir. Əks halda bu hücumu İran molla rejimi tərəfindən verilən göstərişlə həyata keçirilməsi qənaətinə gələ bilərik. Biz bu hücuma ağlabatan, məntiqli bir izah olmasa, bunu Azərbaycana müharibə elanı kimi qəbul edə bilərik. Xatırladıram ki, Azərbaycanın Türkiyə və Pakistanla müvafiq hərbi və müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilələr var. Həmin müqavilələrin işə düşməsi İran dövlətinin yox olması ilə nəticələnəcək”.
Ekspert bildirib ki, İranın atdığı addım şərəfsiz və xaincədir:
"Daha əvvəl də İranın molla rejiminin Qarabağ müharibəsində tutduğu mövqeyi bilirik. Onların atdığı şərəfsiz və ləyaqətsiz addımlardan xəbərimiz var. Bu gün Azərbaycan və Türkiyə sözügedən savaşda neytral qalıb. Molla rejimi Azərbaycan və Türkiyəyə zərbə endirməklə, münaqişənin arealını genişləndirməyə çalışır. Ən doğru zamanda istənilən halda bu zərbələrin cavabı veriləcək”.
Şahanə Ziyad










































