İran İslam Respublikasının Güney Azərbaycan bölgəsində bəzi şəhərlərin əhalisi etiraz aksiyalarına davam ediblər.
Bizimyol.info xəbər verir ki, kütləvi aksiyalarda "Durub, baxan biqeyrət", "İrqçiliyə son qoyun!", "Azərbaycan milləti, çəkəmməz bu zilləti!" kimi şüarlar səsləndiriblər. Bəzi şəhərlərdə polis nümayişlərə müdaxilə edib.
Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb.
Uşaqlar üçün olan həmin filmdə bunlar təsvir olunub: Öz oğlu ilə oteldə qalan bir türk otel nümayəndəsinə otaqlarından pis qoxu gəldiyini şikayət edir. Hiddətlənir. Otelin nümayəndəsi də səbrlə onları dinləyir, sakitləşdirməyə çalışır və axırda məlum olur ki, pis qoxu uşağın ağzından gəlirmiş. Hətta daha da araşdıranda uşağın dişlərini tualet fırçası ilə təmizlədiyi aydın olur.
Bununla da farslar türklərin ağızlarını tualet fırçası ilə təmizləyəcək qədər axmaq olduqları, ümumiyyətlə natəmiz, vəhşi, uşaqlarına tərbiyə verməyi bacarmayan biriləri olduğunu demək istəyiblər.