Bu gün kreativ gənclər şəbəkəsini özündə birləşdirən və gənclərin ideyalarını dəstəkləyən, onlara arxa, dayaq olan bir təşkilatın – “İrəli” İctimai Birliyinin təsis olunduğu gündür.
Gün.Az-ın məlumatına görə, təşkilat artıq ictimai birlik olaraq 5 yaşını qeyd edir.Yarandığı gündən “İrəli” İctimai Birliyi daim gənclərin səsinə səs verib və öz adına layiq olaraq daim irəliyə gedib.
Bəs “İrəli” haqqında nə bilirik? “İrəli” İctimai Birliyi necə yarandı?İctimai Birliyin sədri Rauf Mərdiyevin sözlərinə görə, “İrəli” təşkilat olaraq 26 avqust 2005-ci ildə yaradılmış “İrəli” Ümumrespublika Gənclər Hərəkatının əsasında 6 nəfər gəncin təşəbbüsü nəticəsində meydana gəlib.
“Bu gənclərin ali məqsədləri vardı və bu məqsədlər Azərbaycan gəncliyinin inkişafı naminə idi. Bu təşkilat yaranan zamana yenilikçi, təşəbbüskar, gənclərə maraqlı olan istiqamətdə fəaliyyətlər həyata keçirməyə başladı.
Bu bir növ Azərbaycanda gənclər hərəkatı sahəsində yenilik idi. Belə ki, müasir, innovativ və modern fikrə malik gənclər bir araya gəlmişdi. Çox qısa müddət ərzində “İrəli” ətrafına çox sayda gəncləri topladı. Etdikləri işlərlə və ortaya qoyduqları ideyalarla 3 il ərzində 6 min nəfər Azərbaycan gəncini “İrəli” öz ətrafında birləşdirdi”.
R.Mərdiyev bildirib ki, 2008-ci ildə isə ehtiyac yarandı ki, təşkilatın öz fəaliyyətini genişləndirmək sahəsində işlər görsün. Bununla da, “İrəli” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 dekabr 2008-ci ildə hərəkatın buraxılması barədə qərar qəbul edir.
“Bu qərardan sonra isə hərəkatın əsasında “İrəli” İctimai Birliyinin yaradılması ideyası ortaya çıxır.24 dekabr 2008-ci il tarixində “İrəli” İctimai Birliyinin təsis konfransı keçirildi. O vaxtdan “İrəli” yeni, ictimai birlik formasında fəaliyyətə başladı”.
Bu formaya keçid təşkilata daha peşəkar işlər görməyə və Azərbaycanı ölkə xaricində təmsil etmək imkanını yaratdı
“İrəli” sədri vurğulayır ki, ictimai birlik öz fəaliyyəti ilə Azərbaycanın bütün regionlarını əhatə edib.
“Biz müxtəlif layihələrimiz çərçivəsində Azərbaycanı qarış-qarış gəzmişik. Bu da bizim öz fəaliyyətimizdə fəxr etdiyimiz ən böyük məqamlardan biridir.
Bizim “İT Akademiya”, “Sənin Bələdiyyən”, “Səs Ver”, “İlhamla İrəli” kampaniyaları Azərbaycanı qarış-qarış gəzib. Bundan başqa bir çox tanınmış və gənclər arasında brendə çevrilmiş layihələrimiz də vardır ki, qış və yay universitetləri, gənclərin liderlik forumları buna misal ola bilər”.
R.Mərdiyevin sözlərinə görə, “İrəli”nin hazırda Gəncə şöbəsi fəaliyyət göstərir və oraya kifayət qədər fəal gəncl toplaşıb. Onlar da qarşılarına müəyyən hədəflər qoyublar.
“Bildiyiniz kimi Gəncə 2016-cı il üçün Avropanın gənclər paytaxtı adını qazanıb. Biz də “İrəli” olaraq çalışırıq ki, o proseslərdə fəal şəkildə iştirak edək”.
2013-cü il “İrəli” üçün uğurlu oldu
R.Mərdiyevin sözlərinə görə, ümumiyyətlə, rəqəmlərə nəzər saldıqda görürük ki, “İrəli” hər növbəti ildə ötən illərə nisbətən öz fəaliyyətində kəmiyyət və keyfiyyət baxımından irəliləyişləri təmin etmiş olur.
“Bizim qarşımızda duran ən böyük məqsəd isə bu artım tempini stabil olaraq saxlamaqdır ki, “İrəli” hər ötən il daha da inkişaf etsin, böyüsün və güclü olsun.
2013-cü il də təşkilatın fəaliyyətində öz fəaliyyəti ilə seçilən ən əlamətdar illərdən biridir. Çünki bu ildə biz öz fəaliyyətimiz çərçivsində ən böyük və iri miqyaslı kampaniyalar həyata keçirdik.
Bu ildə həm də bizim beynəlxalq əlaqələrimiz daha da gücləndi. İl ərzində keçirdiyimiz layihələrin sayı isə 100-dən artıq olub. Bir sözlə, bu il bizim üçün çox uğurlu bir il oldu”.
“İrəli” onu ən çox sevənindir
“İrəli”nin qapıları hər bir Azərbaycan gəncinin üzünə açıqdır.
R.Mərdiyev deyir ki, yetər ki, o gənclər faydalı işlərlə məşğul olmaq istəsinlər. Çünki yarandığı dövrdən “İrəli” öz prinsiplərinə sadiq qalır.
“Bu prinsiplər ondan ibarətdir ki, burada çalışan insanlar öz bacarıqlarına görə bu ailənin içində böyüyür, yetişirlər. Bu mərhələni bitirdikdə isə ailə daxilində olan işlərin məsuliyyətini öz üzərilərinə götürürlər. Bu yarandığımızdan bəri belə olub və davam edəcəkdir. Bizdən soruşduqda ki, “İrəli” kimindir? Biz çox qısa cavab veririk ki, “İrəli” onu ən çox sevənindir”.
2014-cü ildə “İrəli” daha da gəncləşəcək
“İrəli” sədri deyir ki, 2014-cü ildə təşkilat ötən illərlə müqayisədə daha gənc və eyni zamanda daha peşəkar kollektivlə, daha peşəkarcasına və miqyaslı layihələr həyata keçirən bir təşkilat olacaq.
“Biz çalışacağıq ki, “İrəli”nin fəaliyyətini “Azərbaycan dövlətinin müəyyən etdiyi prioritetlərlə uzlaşdıraq. Biz eyni zamanda fəaliyyətimizi Azərbaycanda keçiriləcək böyük tədbirlərə uzlaşdıracağıq.Buna Avropa 2015 Olimpiya Oyunları, 2016-cı ildə Gəncənin Gənclər Avropa paytaxtı seçilməsi ilə bağlı tədbirərdə fəal iştirak daxildir.
Bundan əlavə, təşkilat gənclərin fərdi inkişafına yönəlmiş layihələr həyata keçirəcək. Azərbaycanın bölgələrinə yönəlməyi hədəfləmişik. Eyni zamanda Azərbaycanı Ginnesin rekordlar kitabına salacaq bir layihə ideyası da bizdə var. Bunu da 2014-cü ildə həyata keçirməyi hədəfləyirik.
Həmçinin, beynəlxalq layihələrə xüsusi üstünlük verəcəyik.
“İrəli”yə qoşulmaq istəyən gənclərə isə bu məqaləni oxuyan kimi gecikmədən gəlib “İrəli”yə qoşulmağı məsləhət görürəm”.Təşkilata yenicə baş katib təyin olunmuş Azər Abdullayev isə buraya gəlişini bu cür xatırlayır:“Mən “İrəli”yə baş katib yeni təyin olunsam da əslində bu təşkilata çoxdan, 2007-ci ildən üzvəm. 2008-2011-ci illərdən etibarən daim bu təşkilatda olurdum. Bu illər ərzində burada müxtəlif vəzifələrdə olmuşam. Ancaq sevinirəm ki, bu illər ərzində fəaliyyətimdə uğurlara yiyələnərək bu posta qədər qalxdım”.
“İrəli” həmişə gəncləşdirmək siyasətini özünə prioritet tutur
Baş katib deyir ki, “İrəli” o təşkilatlardandır ki, həmişə gəncləşdirmək siyasətini özünə prioritet tutur. Çünki hazırda gələn ilin planlanması prosesi gedir.
“Biz bir katibliyə bölüşə biləcəyi struktur vahidini yaratdıq. Yəni, bunların hamısı işin keyfiyyətini artırmaq üçündür. Planlarımız gələn il katibliyin strukturunu daha da gücləndirmək və “İrəli”yə gələn üzvlər üçün yeni layihələr təşkil etmək, bununla da onların layihə meneceri kimi püxtələşməsinə şərait yaratmaqdan ibarətdir.
Həmçinin, yeni universitet və tədris mərkəzləri ilə əlaqələri genişləndirməyi düşünürük. Hazırda həmin əlaqələrin yaradılması prosesi gedir. İnanıram ki, ətrafımıza daha çox kreativ gəncləri yığacağıq. “İrəli”nin təməl sloqanı təşəbbüslər üzərində qurulan təşəbbüsdür. Burada hər bir gənc öz kreativlik baryerini aşmağa çalışır. “İrəli”nin hər bir layihəsi təşəbbüs və brenddir.
Gənclərə deyirəm ki, irəlidə olmağı özlərinə prestij sayırlarsa onda “İrəli”yə qatılsınlar”.
Nəzarət Təftiş Komissiyasının sədri: “İrəli” mənim üçün böyük bir qapılar açdı
Nəzarət Təftiş Komissiyasının sədri Xaqani Fərəcov deyir ki, o artıq 8 ildir ki, “İrəli” sıralarındadır.
“Bu illər ərzində müxtəlif vəzifələrdə olmuşam. Belə ki, ən sadə işlərdən tutmuş ən böyük işlərlə məşğul idim. Bu təşkilata 2005-ci ildə universitetə qəbul olduqdan sonra gəldim.Bu zaman “İrəli” yeni yaranmışdı və onun ətrafında çox az bir kütlə, 60-70 nəfər vardı. Həmin vaxt “İrəli”nin balaca bir ofisi vardı. Lakin orada çoxlu gənc vardı.Həmin gənclərin arasında mən də özümü tapdım və düşündüm ki, mən də bu gənclərdən ola bilərəm. Bununla da “İrəli” sıralarına qoşuldum”.X.Fərəcov deyir ki, o, bu təşkilata gəlməzdən əvvəl Azərbaycanda hansı gənclər siyasətinin olduğunu və ümumiyyətlə, gənclər siyasəti nədir bunu da bilmirmiş.“Çünki mən X sinifə qədər Rusiyada yaşamışam. Sadəcə aktivlik vardı, ictimai fəal idim. “İrəli” mənim üçün böyük bir qapılar açdı. O qapılar ki, mən öz dünyagörüşümü demək olar ki, 180 dərəcə dəyişdim.Utancaq bir gəncdən daha çox lider bir gəncə çevrildim. Layihələrdə iştirak etdikcə insanın dünyagörüşü, bilikləri də formalaşır və məndə də bu cür oldu. Bu təşkilat deyə bilərərm ki, həm ictimai fəaliyyətimdə həm də şəxsi həyatımda böyük izlər buraxıb. Bu iz çox dərindir. Çünki “İrəli” mənim üçün çox doğmadır”.“İrəli” təşkilatdan əlavə demək olar ki, ailədirX.Fərəcova görə, “İrəli” təşkilatdan əlavə demək olar ki, ailədir.“Çünki dostlarımın çox hissəsi burada toplanıb. “İrəli”yə çox şey borcluyam. Ən böyük uğurum “İrəli”də olub. Belə ki, mən Azərbaycan dilində səlis danışa bilmirdim. Bunu məndə həmişə qüsur tuturdular. Mən burada durmadan çalışdım və nəticəsi isə çox müsbət oldu. Buna görə “İrəli”yə borcluyam. Bu öz üzərində mübarizə idi və bunu da burda bacardım”.Qeyd edək ki, “İrəli” İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hal-hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş təşkilatdır.
Hazırda 30 000 nəfərdən artıq gənc və 12 təşkilat “İrəli”-yə üzvdür.
“İrəli”nin 2008-ci ildən bu günə qədər həyata keçirdiyi 300-dən artıq layihənin əhatə dairəsinə 180 min nəfərdən çox insan daxil olub. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edib, bununla yanaşı, dünyanın 30-a yaxın ölkəsində əməkdaşlıq etdiyi təşkilatlar mövcuddur.