Balıqkimi…
Bu gün yenidən doğmuş kimi, günün ilk siqaretini yandırırmışam kimi. Bu gün tanımadığım tərəfimi tanımış kimi. Bilmədiyim hisslərə toxunmuş kimi. Tora düşmüş balıq kimi. Ağrılarım var, əziklərim, cızıqlarım, qırıqlarım var. Qorxduğum şeylər var, dənizdən uzaqlaşan balığın boğulması kimi...
Sevmək kimi.
Niyə səni sevdim? Başqa heç nəyi sevmədiyim kimi. Qopan yarpağını sevən ağac kimi, oyuncağını sevən uşaq kimi, sənin onu sevdiyin kimi...
Sarışın sevərdim mən, gündüzün ilk günəşi kimi. Sən qaraşın, gecəmin yuxusu kimi...
Mavi gözlü sevərdim mən, dəniz kimi. Sən rəngli gözlü, dənizə yağan yağış kimi.
Qıyıq gözlüləri sevirdim mən, alçaq templə yanan alov kimi. Sən iri gözlü, dibi görünməyən uçurum kimi.
İncə bel, uzun sevirdim axı, armudu stəkanda çay içmək kimi. Sən incə bel, uzun deyilsən, içdiyim səhər qəhvəsi kimi.
Qısa saçlı sevirdim... Sonu hüznlə bitən gecəlik filmləri sevirdim. Sən uzun saçlı, baxdıqca bitməyəcək yollar kimi... Sənin uzaqlara baxdığın kimi...
Niyə səni sevdim? Dənizini sevən balıq kimi.
Yuxularıma gəldin, saçlarını ayıran, rəngli və iri gözlü. Bir sevinc gəldi yuxuma, yuxuları unutdum, səni yox.
Dənizkənarı tətilim bitmiş kimi, qumlar soyumuş, yağışlar başlamış. Tətildən doymayan adam kimi...
Niyə səni sevdim? Payızın yarpağını, qışın qarı, yazın yağışı, yayın istini sevdiyi kimi. İri və rəngli gözlü, kor qız. İllər sonra əlinə qələm alan şair kimi. Mənə yenidən yazdıran.
Niyə səni sevdim? Dənizini sevən balıq kimi. Sənin onu sevdiyin kimi.