İsa Qəmbər: 'Xəzər Lənkəran' və 'İnter' üçün çətin olacaq''

İDMAN
15:35 22.07.2013
1719
Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən klublar hələ ki yollarına davam edirlər. 
"Qarabağ", "İnter" və "Xəzər Lənkəran" artıq Avropa Liqasında ilk mərhələni adlayıb, növbəti mərhələdə ilk oyunlarını keçiriblər. Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulan "Neftçi" isə cavab matçına hazırlaşır. Klublarımızın növbəti mərhələyə adlamaq şansları barədə futbol ictimaiyyəti rasında sorğu keçirdik. Onlar "FutbolPress"ə açıqlamalarında komandalarla bağlı maraqlı fikirlər səsləndirdilər. 
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli: "Qarabağ" və "Neftçi"ni yetərincə şanslı hesab edirəm. Xüsusən Ağdam klubunun işi asandı. Cavab matçında Qurban Qurbanovun bütün məşqçilik bacarığını ortaya qoyacağına və komandasının növbəti mərhələyə adlayacağına inanıram. "Neftçi" səfərə qolsuz heç-heçə ilə yollansa da, bir məqamı qeyd eləmək istəyirəm ki, təmsilçimiz "Skenderbu"dan ən azı iki dəfə üstündü və onların növbəti mərhələyə vəsiqə qazanacağına ümidlər böyükdü. "Xəzər Lənkəran" mübarizəni dayandıracaq, bu haqda danışmağa dəyməz. "İnter"in "Tromse" ilə səfər oyununun epizodlarına baxdım. "Bankirlər"in tur keçmək şansı var. Onlar Bakıdakı cavab oyununun əvvəlində bir qol vura bilsələr, matçın sonuna kimi üsntünlüyü ələ ala bilərlər". 
Korner.az saytının baş redaktoru Saleh Arslan: "İlk oyunların nəticələri çox şeydən xəbər verir. Mənə görə, 2 klubumuz üçün builki Avropa macərası bitdi. Qalır "Qarabağ"la "Neftçi". Bu klublarımızın da mərhələ adlamaq şansları 50-50-yədi. "Qarabağ"ın Bakıdakı minimal qələbəsi, Polşa səfəri nəzərə alınsa, böyük üstünlük deyil. Bəlkə də, heç orta üstünlük də deyil... "Neftçi" Bakıdakı oyunun ikinci hissəsindəki kimi daha dişli və istəkli olmasa, ona da çətin olacaq. Böyükağa Hacıyev Bakıda vəd edib göstərmədiyi, ya da göstərə bilmədiyi sürprizi Tiranada göstərməlidi". 
Sportal.az saytının baş redaktoru Şahin Oğuz: "Neftçi" evdə qolsuz heç-heçə eləsə də, səfərdə daha yaxşı oyun nümayiş etdirib, lazımi nəticəni qazanaraq mərhələni keçəcək. Çünki Böyükağa Hacıyevin komandası səfər oyunlarında uğurlu çıxış edir. İkinci şanslı komanda isə fikrimcə, "Qarabağ"dı. "Pyast" güclü klubdu. Polşa təmsilçiləri həmişə evdə daha yaxşı oyun nümayiş etdirirlər. Qarabağın doğma meydnda 1 qol buraxması işini çətinləşdirə bilər. Amma Ağdam klubu güclü və oturuşmuş kollektivə malikdi. Əminəm ki, Qurban Qurbanov ilk oyundan sonra rəqibi yaxşı analiz edib. "Qarabağ"ın səfərdə vurduğu 1 qol "Pyast"a böyük zərbə olacaq. "Xəzər Lənkəran"ın rəqibinə gəlincə, həm klublarımız, həm də milli komandamız israilli futbolçulara qarşı həmişə çətinlik çəkib. Səfərdəki 2:0 hesablı məğlubiyyətinin əvəzini çıxmaq asan olmayacaq. İlk oyun da göstərdi ki, Makkabi nəyə qadirdi. "Xəzər Lənkəran"ın mərhələ adlamaq şansı 20%-di. "İnter"in rəqibi avrokuboklarda təcrübəsi olan komandadı. Ancaq birinci görüşdəki epizodlardan gördük ki, təmsilçimizin əlinə yaxşı şanslar düşmüşdü. "İnter"in Bakıda nəsə edəcəyinə ümid var". 
Müsavat Partiyasının başqanı İsa Qəmbər: "Mütəxəssislərin fikirləri ilə tanışam və demək olar ki, onlarla razıyam. Hesab edirəm ki, "Qarabağ" və "Neftçi"nin bu mərhələni keçmək üçün kifayət qədər şansı var, keçəcəklər də... "Xəzər Lənkəran" və "İnter" üçün isə çətin olacaq. Səfərdə və evdə qol buraxmadan 2-3 qol vurmaq çətin məsuliyyətdi. Bunun üçün bütün güclərini göstərməlidilər. Ümid edirik ki, "Xəzər Lənkəran" və "İnter" o qəhrəmanlığı nümayiş eləsinlər və mərhələni adlasınlar". 
OXŞAR XƏBƏRLƏR